surusmeye-gore-baglanan-yol-ne-vaxt-acilacaq-aciqlama

Sürüşməyə görə bağlanan yol nə vaxt açılacaq? - AÇIQLAMA

İki gün bundan öncə bu ərazidə çatlar əmələ gəlib və əməkdaşlarımız tərəfindən ərazi nəzarətə götürülüb. 

İnsider.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. 

O bildirib ki, hadisə ötən gün axşam saatlarından etibarən başlayıb: 

“Ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam saat 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın - saat 5-6 radələrində bu ərazidələrdə çökmə hadisəsi baş verdi. 

Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir. İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi”. 

A.Nəcəfli onu da qeyd edib ki, hazırda müvafiq qurumların nümayəndələri ərazidə araşdırma aparır:

“Sürüşmə təxmini 100 metr ərazini əhatə edir. Hərəkət zolağının biri tam olaraq çöküb, digər hərəkət zolağında çatlar yaranıb. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Təmir-bərpa işləri, demək olar, bir neçə ay davam edəcək. İşlər qısamüddətli olmayacaq”.

Oxu.Az