susada-beynelxalq-media-forumunda-birinci-panel-kecirilib-yenilenib-foto-video

Şuşada Beynəlxalq Media Forumunda birinci panel keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci panel keçirilib.

Müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada feyk xəbər ilə mübarizə olub.

Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın BTA İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, “Haqqin.az” analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub.

10:38

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forum başlayıb.

Tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında “Anadolu” agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. media nümayəndələri və ekspertlər var.

Bundan başqa, Azərbaycan təmsilçiləri sırasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər rəsmi şəxslər, mətbuat nümayəndələri və ekspertlər var.

Qeyd edək ki, Forum 4 paneldə keçirilir. “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada feyk xəbər ilə mübarizə olacaq. “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.

Daha sonrakı “Azərbaycan mətbuatında Şuşa izi” panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq. Sonuncu “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.

09:18

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb.

20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var.

Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.

 

Report