Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb.
Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib. Dövlət başçısının Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir loji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.
İlkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib.
Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner gətirilərək quraşdırılıb.
Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması, milyonlarla insanın bu şəhəri görmək istəyi buranı gələcəkdə ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevirəcək. Şəhərin tarixi hissəsi sayılan mərkəzində tullantı konteynerlərinin ətraf mühitə təsirini azaltmağa xidmət edən SMART tipli yeraltı konteynerlər, kənar küçələrə dolma səviyyəsini göstərən sensorlarla təchiz edilmiş konteynerlər, eləcə də bütün küçə və parklarda kiçik tutumlu urnaların yerləşdirilməsi nəzərdə tutulur.
Tullantıların idarə edilməsində istifadə olunacaq texnikaların da ətraf mühitə minimum təsir etməsi əsas meyarlardan biri kimi nəzərə alınacaq. Beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqonun inşası, bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması “Təmiz Şəhər” ASC-nin həyata keçirəcəyi fəaliyyətlər olacaq.