taliban-resmisi-qadinlara-evde-qalmagi-tovsiye-edirik

“Taliban” rəsmisi: “Qadınlara evdə qalmağı tövsiyə edirik”

“Taliban” İslam qanunlarına əsaslanaraq, zamanla ayaqlaşmağa hazırdır.

Bu sözləri “The New York Times” nəşrinə müsahibə verən “Taliban”ın rəsmisi Zəbihullah Mücahid deyib.

Z.Mücahid qeyd edib ki, musiqi müsəlman əxlaqına zidd olduğu üçün o, Əfqanıstanda qadağan ediləcək.

“İslamda musiqi qadağandır. Ancaq biz ümid edirik ki, insanlara təzyiq etmək əvəzinə onlara bunu etməməyə inandıra biləcəyik”, - deyə “Taliban”ın sözçüsü vurğulayıb.

Hərəkatın sözçüsünün əlavə edib ki, “Taliban” onilliklər boyu davam edən müharibə nəticəsində məhv edilmiş ölkəni yenidən qurmağa çalışır.

“Biz gələcəyi qurmaq və keçmişdə baş verənləri unutmaq istəyirik”, - deyə Z.Mücahid fikrini tamamlayıb.

“Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid ölkədə qurulan yeni hakimiyyətin dövründə qadınların hüquqlarının necə qorunacağına dair məsələyə də aydınlıq gətirib.

Z.Mücahid qeyd edib ki, uzun müddətli prespektivdə qadınların gündəlik fəaliyyətlərinə qayıda biləcəklər.

Onun sözlərinə görə, “Taliban”ın qadınları evdə qalmağa və ictimai yerlərdə üzlərini örtməyə məcbur etməsi barədə xəbərlər əsassızdır.

Z.Mücahid əlavə edib ki, qadının yalnız ona məhrəm olan kişi tərəfindən ictimai yerlərdə müşayiət edilməsi tələbi səhv şərh edilib.

Onun sözlərinə görə, bu yalnız üç və ya daha çox gün davam edən səfərlərə aiddir.

“Əgər onlar məktəbə, ofisə, universitetə ​​və ya xəstəxanaya getmək istəyirsə, onların yanında məhrəm şəxsin olmasına ehtiyac yoxdur”, - deyə Z.Mücahid vurğulayıb.

Lakin Z.Mücahid hələlik “Taliban”ın öz üzvlərinin hamısına qadınla necə rəftar etməyin qaydalarını öyrədənə qədər qadınlara evdə qalmağı tövsiyə edib.