Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) daha bir mükafaya layiq görülüb.
İnsider.az xəbər verir ki, TANAP Avropada “İlin korporativ sosial məsuliyyət proqramı” mükafatını alıb.
Mükafat Vyanada keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyol və şirkətin Keyfiyyət, əməyin təhlükəsizliyi, ətraf mühit üzrə direktory Fatih Ərdəmə təqdim edilib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.
©Report