tebib-in-selahiyyetleri-artirilir-sehiyye-nazirliyin-geleceyi-nece-olacaq

TƏBİB-in səlahiyyətləri artırılır: Səhiyyə Nazirliyin gələcəyi necə olacaq?

Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə verilir.

Bununla bağlı bir sıra qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur.

TƏBİB Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli fərmanına əsasən yaradılıb.

TƏBİB yaradıldıqdan sonra Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox qurum TƏBİB-in nəzarətinə keçib.

İndi isə bir sıra qanunlara təklif olunan dəyişikliklərlə Səhiyyə Nazirliyinin fəaliyyət sahəsinə aid olan nəzarət mexanizmlərinin TƏBİB-ə verilməsi nəzərdə tutulur.

Məsələn, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın dərhal ötürülməməsi və ya düzgün olmayan məlumatın verilməsinə görə inzibati cəza mexanizmləri mövcuddur.

Eləcə də qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə məlumat verməyənlərlə bağlı.

Bu zamana qədər prosedurlara Səhiyyə Nazirliyi nəzarət edirdisə, təklif edilən dəyişikliklərdə həmin səlahiyyətlərin TƏBİB-ə verilməsi bildirilir.

Həmçinin zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması ilə bağlı faktlara nəzarətin TƏBİB-ə verilməsi təklif edilir.

Qanun layihələrinə əsasən, Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini Səhiyyə Nazirliyi deyil, TƏBİB aparacaq.

“TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihələrin qəbul edilməsi təklif olunur”, - deyə layihələrdə yazılır.

Bəs bütün bu proseslər Səhiyyə Nazirliyinin ləğvinə gətirib çıxara bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Oxu.Az-a bildirib ki, Səhiyyə Nazirliyinin ləğvi ilə bağlı ehtimallar yürütmək düzgün deyil.

“Ümumiyyətlə Səhiyyə Nazirliyinin ləğv edilməsi ilə bağlı sual qəribə səslənir”, - deyə M.İbrahimqızı əlavə edib.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in ayrılıqda öz funksiyası var.

Xatırladaq ki, qanun layihələri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Oxu.Az