“Bütün vaksinlər də dərman vasitəsidir. Sadəcə peyvəndlər bioloji dərman vasitələri qrupuna aiddir. Bu, digərlərinə nisbətən daha həssas qrupa aiddir. Çünki onun saxlanma və istifadə şəraiti fərqlidir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.
TƏBİB rəsmisi qeyd edib ki, koronavirus əleyhinə istifadə olunan vaksinlərin hamısı kliniki tədqiqatlardan keçirilib: “Bu da o deməkdir ki, onların təhlükəsizliyi təsdiqlənib. Sadəcə bunlar yeni vaksin növü olduğundan araşdırılması istiqamətində işlər daim davam edir. Bu tip vaksinlərin daşınması və saxlanma qaydasına xüsusi diqqət yetirilməlidir. Vaksinlərin tələb olunan şəraitdə saxlanılması üçün də ölkədə bütün lazımi tədbirlər həyata keçirilib”.
Departament rəhbəri bildirib ki, monitorinq şöbəsi dərmanları qəbul edən zaman aktlaşdırır: “Vaksin 5 gün termokonteynerdə qala bilir. Onu boşaltmaq üçün maksimum 5 dəqiqə vaxt tələb olunur. “Pfizer” vaksini -70 dərəcə temperatur şəraitində 6 ay saxlanıla bilər. Araşdırmalar nəticəsində təsdiqləndi ki, “Pfizer” vaksinini 2-8 dərəcə selsidə 31 günə qədər saxlamaq mümkündür. Bu da işləri asanlaşdırdı”.
Report