tehsil-haqlari-dovlet-terefinden-odenilecek-telebelerin-muracietlerinin-qebuluna-baslanilib

Təhsil haqları dövlət tərəfindən ödəniləcək tələbələrin müraciətlərinin qəbuluna başlanılıb

Mayın 19-dan https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna start verilib.

Təhsil Nazirliyindən bildirilib ki, http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq.

2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.