tehsil-yoxsa-biznes-aciqlama

Təhsil, yoxsa biznes? - AÇIQLAMA

Milli Məclisin 19 fevral 2019-cu ildə keçirilən plenar iclasında yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və ikinci oxunuşda qəbul edilib. Qanuna əsasən ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malik olacaq.

“Hər bir məktəbin qanuni əsaslarla böyük məbləğdə gəlir əldə etmək imkanı var”. 

Bu sözləri İnsider.az-a yeni qəbul edilən qanuna əsasən “Azərbaycanda ümumi təhsil müəssisələrinin sahibkarlıqla məşğul olması” prosesi ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib: 

“Publik hüquqi şəxsə çevrilmiş təhsil müəssisələrinin maliyyələşməsi yalnız valideynlərin ödənişi ilə nəzərdə tutulmayıb. 

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb.

Bu səbəbdən publik hüquqi şəxsdə tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərə və bu hesaba maliyyə vəsaiti qazana bilər. 

Bu gün təkcə Bakı şəhəri üzrə 700- dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı 10 mindən çox bu və ya digər fəaliyyət və fənlərdən repititor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər.

Məktəbin binası və infrastrukturundan dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək olar. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir götürə bilər. 

Bunlardan başqa, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir.

2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb.
Məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan böyük həcmdə vəsait əldə edilməsi mümkündür”.

Xarici investisiyaların cəlb edilmə yolları

Kamran Əsədov məktəblərə xarici investisiyaların cəlb edilmə yollarından danışıb: 

“Məktəblərə xarici mütəxəssisləri cəlb etməklə tədbirlər, seminarlar keçirmək olar. Məktəb direktorları, təhsil işçiləri heç bir fəaliyyət göstərmədən pul qazanmaq istəyir... Təkrar edirəm, yeni qaydalar heç bir halda şagirdlərin ödənişli təhsil alacağı demək deyil. Birmənalı olaraq, orta məktəblər yenə də dövlət büdcəsinin vəsaiti hesabına pulsuz olaraq fəaliyyət göstərəcək”.

Məktəblərdə innovasiya və sahibkarlıq fəaliyyəti

İqtisadçı-ekspert Vüsalə Əhmədova öz növbəsində bildirdi ki, ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışı, əlavə dərnəklər və kursların təşkili və sair kimi fəaliyyət növləri yeni qanunun icrasında tətbiq ediləcək:

“Təhsil müəssisələrinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni texnologiyalar tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 

İnnovasiya və sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə dövlətin əlverişli şərait yaradacağı da qanunda qeyd edilir. 

Ümumi təhsil müəssisələri istehsal etdikləri məhsulları və xidmətləri öz əmtəə nişanları (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri də təşkil edə bilərlər.

Təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmalarına icazə verilən sahibkarlıq fəaliyyəti növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən müəyyən edilmişdir, bunlar:

-    ödənişli əlavə təhsilin verilməsi;
-    məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;
-    təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı;
-    elmi tədqiqat və təcrübi-konstruktor işləri;
-    elmi-praktiki tədbirlərin təşkili;
-    nəşriyyat-poliqrafiya işləri;
-    tədris prosesində əldə olunan məhsulların satışı;
-    dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən, beynəlxalq təhsil proqramlarının tətbiqi;
-    ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili;
-    təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi;
-    təhsil müəssisələrinin profilinə və fəaliyyət istiqamətinə ziddiyyət təşkil etməyən digər iş və xidmətlərin göstərilməsidir.

Ümumiyyətlə, dövlət və bələdiyyə təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Dövlət təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirləri bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəltməli olduqları qanunda qeyd edilir”.

Kommersiya və ya qeyri- kommersiya

Ekspert təhsil müəssisələri sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslərin yarada biləcəyini və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə biləcəyini vurğulayıb: 

“Təhsil müəssisələrinin yaratdıqları sahibkarlıq subyektləri qeyri-kommersiya hüquqi şəxslərinə aid ediləcək. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəət iştirakçılar arasında bölüşdürülmür. 

Bu təşkilatlar adətən sosial, xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının ödənilməsi, insan hüquqlarının qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlər üçün nəzərdə tutulur. Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və ya Şəhər və Rayon Qeydiyyat Şöbələri tərəfindən aparılır. 

Qeyri-kommersiya hüquqi şəxsləri Vergilər Nazirliyində vergi uçotuna alınır, onlara müvafiq VÖEN verilir, mənfəət və əmlak vergisinə tabe tutulurlar. Yalnız qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azad edilir”. 

Nübar Lətifli