Ukraynadan təxliyə olunan vətəndaşlarımızdan 61 nəfəri bu gün səhər saatlarında İstanbuldan avtobusla Bakıya yola düşüblər.
Bunu Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Allahverdiyev deyib.
"Daha 50 nəfər İstanbulda təxliyə olunmasını gözləyir. İstanbula təxliyə olunanların yaxınları hələ yolda olduğundan, yəni İstanbula çatmadıqlarından onlar Türkiyədə gözləyirlər. Onlar da İstanbula gəlib çatdıqdan sonra avtobusla yola salınmaları nəzərdə tutulub. Rumıniya və Moldovadan vətəndaşlarımız Türkiyəyə gəlməkdə davam edir. Gələn vətəndaşlarımızın da təxliyəsi üçün nə lazımdırsa görüləcək. Bu işdə bizə Türkiyə Xarici İşlər Nazirliyi böyük dəstək verir”, - deyə E.Allahverdiyev bildirib.
13:10
“Bu gün Ukraynanın Odessa şəhərindən 150 azərbaycanlı təxliyə olunub”.
Bunu açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.
Onun sözlərinə görə, dünən bu şəhərdən 120-yə yaxın insanın təxliyəsi həyata keçirilib:
“Bu gün də soydaşlarımızı Moldova sərhədinə yola salınıblar. Orada səfirlik əməkdaşları onların yerləşdirilməsini təmin edəcəklər. Ukraynada ümumi vəziyyət çox gərgindir. Bu gün Odessada nisbətən sabitlik hökm sürür. Nəqliyyat vasitəsi tapmaq çox çətindir. Lakin əlimizdən gələni edirik ki, həmvətənlərimizi buradan təxliyə edək”.
Təşkilat sədri vurğulayıb ki, Odessa vilayətində 30 min azərbaycanlı yaşayır:
“Ümumilikdə buradan nə qədər soydaşımızın çıxdığını dəqiq rəqəmlə demək olmur. Çünki bəzi vətəndaşlarımız var ki, öz şəxsi nəqliyyat vasitələri ilə alternativ yollardan şəhəri tərk ediblər”.
Oxu.Az