teyyare-goyertesinde-en-dadli-yemeyi-olan-aviasirketlerin-reytinqi

Təyyarə göyərtəsində ən dadlı yeməyi olan aviaşirkətlərin REYTİNQİ

Səyahət servisi olan “Tutu.ru” təyyarə bortunda ən dadlı qidası olan aviaşirkətlərin top-10-luğunu tərtib edib.

İnsider.az-ın məlumatına görə, reytinqdə ilk yer “Uzbekistan Havo Yullary”-ına çatıb. Sərnişinlər aviaşirkəti iri porslara, fərqli dadlı qidaya, spirtli içkilərin olmasına və yaxşı içki seçiminə görə tərifləyirlər.

“Uzbekistan Havo Yullary”-nın reyslərində sərnişinlərə soyuq qəlyanaltı (ət məmulatları və pendir), tərəvəz qəlyanaltıları (mövsüm tərəvəzləri), desert (pirojna, meyvə salatı, quru meyvələr), çörək-bulka məmulatları, isti ət xörəyi, çay, kofe, sərinləndirici işkilər və şərab verilir. Davamiyyəti 6 saatdan çox olan reyslərdə, həmçinin yüngül nahar da nəzərdə tutulub.

Siyahıda ikinci yerə isə "Azerbaijan Hava Yollary" layiq görülüb. Qidaya isti xörəklər, salatlar, qoz, desert, şərab, həmçinin qeyri-məhdud sayda çay və kofe daxildir.

Lider üçlüyünü “Turkish Airlines” tamamlayır. Daxili reyslərdə sərnişinlərə sendviçlər, beynəlxalq reyslərdə isə isti qida təklif olunur. Sərnişinlər qida keyfiyyətini, həmçinin spirtli içkilərin olmasını qeyd edirlər.

Dördüncü yerdə “Lufthansa” yerləşib. Yaxın və orta məsafə reyslərində qəlyanaltılar, sendviçlər və ya isti xörəklər təklif olunur. Qitələrarası reyslərdə isə üç xörəkdən ibarət nahar, içkilər, qəlyanaltılar təklif olunur. Üstünlüklərin arasında dadlı xörəklər, spirtli içkilərin olması və metal alətlərin (çəngəl, qaşıq və s.) verilməsidir.

Beşinci pillədə isə “Air Astana” qərarlaşıb. Aviaşirkəti yeməyin keyfiyyət və kəmiyyətinə, içkilərin müxtəlifliyinə, iri porslara və dadlı xörəklərə görə tərifləyirlər.

Top-10-luğa həmçinin “Georgian Airways”, “Ellinair”, “Somon Air”, “Aegean Airlines” və “Air Moldova” da daxil olub.

Qeyd edək ki, reytinq “Tutu.ru”-da 2018-ci ilin aprelindən 2019-cu ilin aprelinədək 27,5 min rəy əsasında tərtib olunub.

Samirə Məmmədova