tibbi-maskalarin-suni-qiymet-artimina-dair-beyanat

Tibbi maskaların süni qiymət artımına dair BƏYANAT

Son zamanlar dünyanın gündəmini zəbt etmiş COVID-19 virusunun yayılmasının qarşısının alınması və arzuolunmaz nəticələrin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Əhalinin çox toplandığı ictimai yerlərdə müntəzəm olaraq dezinfeksiya işləri aparılır, Səhiyyə Nazirliyi və hökümətin nəzdində yaradılmış operativ qərargah tərəfindən hazırlanan və  virusdan qorunmağın yollarını izah edən tövsiyyələr kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılır. 

Digər əczaçılıq şirkətləri kimi Avromed Qapalı Tipli Səhmdar Cəmiyyəti də müvafiq hökümət qurumları ilə yaxından əməkdaşlıq etməklə virusun qarşısının alınması və müalicəsi üçün lazımi dərman preparatlarının və qoruyucu tibbi vasitələrin davamlı olaraq ölkəyə idxal edilməsində və pərakəndə satış apteklərinin lazımi məhsullarla davamlı təmin olunmasında fəal iştirak edir. Hal-hazırda şirkətin anbarında əhalinin tələbatının ödənilməsi üçün kifayət qədər tibbi maskalar və digər tibbi vasitələr var. Tərəfimizdən ölkəyə idxal edilən tibbi maskalar və digər vasitələr  minimal topdansatış qiymətləri ilə apteklərə, dövlət qurumlarına və xəstəxanalara satılır. Bu məhsulların bir neçə əldə cəmlənməsinin qarşısını almaq məqsədilə hər bir aptekə satış şirkətin İdarə Heyəti tərəfindən müəyyənləşdirilmiş kvotalar əsasında buraxılır və əməkdaşlıq etdiyimiz bütün apteklərə tibbi maskaları 20 qəpikdən baha satılmaması tövsiyə edilmişdir.  Bu proses şirkətin audit mütəxəssisləri tərəfindən ciddi nəzarətə götürülmüşdür.  

Bütün bunlarla yanaşı pərakəndə satış apteklərində bəzi dezinfeksiya vasitələrinin və tibbi maskaların qiymətlərinin süni şəkildə artırılması hallarına da rast gəlinir. Son günlərdə ölkə ərazisində tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı hüquq mühafizə orqanları tərəfindən kompleks əməliyyat tədbirləri həyata keçirilib.  Avromed QTSC hüquq-mühafizə orqanlarının apardığı operativ fəaliyyəti təqdir edir və bu kimi halların müəyyənləşdirilməsində yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirir. 

Bəzi xəbər saytlarında bu əməliyyat zamanı istintaqa cəlb edilənlər arasında “Avromed Company” QSC-nin baş direktorunun həyat yoldaşının olduğuna dair yazılar yerləşdirilmişdir. 

Bununla bağlı bildirmək istəyirik ki, “Avromed” sahibkar Riad Məmmədova tibbi maska satışı həyata keçirməmişdir. Şirkətimiz bu məsələlərlə bağlı hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdır. Qeyd edək ki, Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil. 

Sonda isə qeyd etmək istərdik ki, hazırda sürətlə yayılan COVID-19 uşaqlara, hamilə qadınlara təsiri tam öyrənilməmiş yeni bir virusdur. Amma indiyə qədər müxtəlif yaş kateqoriyasına  aid insanların yoluxduğu bu xəstəliyə uşaqlar arasında yoluxma halları nisbətən az olduğu faktdır.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təkcə xəstələrin maskadan istifadə etməsi kifayət deyil, həmçinin əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları  (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq, mütləq şəkildə tibbi müəssiələrə müraciət etmək lazımdır.