ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyəti elan edən və Amerika şirkətlərinə ölkə maraqları üçün təhlükə yaradan telekommunikasiya avadanlıqlarını qadağa edən fərman imzalayıb. İnsider.az bu barədə “Axios”-a istinadla yazır.
Xüsusilə, fərman Çinin “Huawei” şirkətinə toxunur. Artıq iri ABŞ şirkətləri “Huawei” avadanlıqlarını istifadə etmir, lakin fərman Çin şirkətinin texnologiyalarını istifadə edərək qənaət etməyə çalışan kiçik müəssisələrə toxuna bilər.
Qeyd edək ki, “Huawei” hazırda 4G-şəbəkələri üçün dünya avadanlıq bazarının üçdən birini tutur və 5G-bazarının yarısını tuta bilər. Bu haqda “New Street Research”-in analitiki olan Endryu Entsvil “Axios”-a bildirmişdi. Resurs qeyd edirdi ki, bu, istifadəçi trafikinin Çin hökümətinə bağlı olan şirkətlər tərəfindən izlənilməsini mümkün edə bildiyi üçün narahatlığa səbəb olur.
Xatırladaq ki, 2018-ci ilin avqustunda Tramp dövlət təşkilatlarına Çinin “Huawei” və “ZTE” şirkətlərinin avadanlıqlarını istifadə etməyi qadağa etmişdi. Həmçinin, “Reuters” qeyd edir ki, ABŞ hakimiyyəti, şirkətdən etibarsızlıqda şübhə edərək, 5G-şəbəkələrinin genişləndirilməsi üçün digər ölkələrə də “Huawei” avadanlıqlarından imtina etməyi təklif edirdi.
Cari ilin mart ayında isə “Huawei” ABŞ hakimiyyətini məhkəməyə verdi. İstehsalçı hesab edir ki, Vaşinqtonun Amerika dövlət müəssisələrinə şirkətin avadanlıqlarını qadağa etməsi Konstitusiyanı pozur.
Samirə Məmmədova