“İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq”.
Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
O bu məsələdə Ağ Evin hazırkı rəhbəri Co Baydeni ittiham edib.
“Onlar nüvə silahı əldə etdikdən sonra bu, artıq tamam başqa tarix olacaq. Tamamilə fərqli danışıqlar, tamamilə fərqli razılaşmalar... Bayden onlara bunu etməyə icazə verdi”, - deyə Tramp qeyd edib.
Keçmiş Ağ Ev rəhbəri Vaşinqtonun indiki xarici siyasətinin ölkəni III Dünya müharibəsinə apardığını bildirib.
“Ölkəmiz qarışıqlıqdır, sərhədlərimiz açıqdır və təhlükəsizliyi yoxdur. Bilirsiniz, doqquz ay uzun müddətdir. Bu müddət ərzində sizin III dünya müharibəsini başlamaq üçün çox yaxşı şansınız var, çünki bizdə öz işini lazımınca yerinə yetirməyən biri var”, - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, keçmiş dövlət başçısı Tramp hazırda prezidentlik uğrunda mübarizəyə başlayıb və seçki yarışında fəal iştirak edir. ABŞ-də prezident seçkisi 2024-cü ilin noyabrına planlaşdırılıb.