“Bu günə qədər Azərbaycanda turizm sahəsində vergi ödəyicisi olan 4 400 hüquqi və fiziki şəxs dövlət dəstəyi üçün müraciət edib. Onların əksəriyyəti bu dəstəyi alıb”.
İnsider.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.
Bundan başqa, onun sözlərinə görə, turizm şirkətləri bu sahədə lisenziyalaşdırmanın bərpası təşəbbüsü ilə çıxış ediblər: “Bildiyiniz kimi, 2015-ci ildən ölkə prezidentinin təşəbbüsü ilə turizm sektorunda lisenziyalaşdırma dayandırılıb. Amma turizm şirkətlərindən müraciətlər var ki, bu, bərpa edilsin. Söhbət məhz lisenziyadan, yəni ödəniş edib fəalliyyətə başlamaqdan getmir. Biz düşünürük ki, dövlət qurumlarının turizm şirkətlərinin fəaliyyətinə geniş nəzarət mexanizmləri olmalıdır. Əsas məqsədi istehlakçıların hüqularının daha effektiv təmin edilməsidir. Bazarda elə şirkətlər fəaliyyət göstərməlidir ki, onlar müəyyən meyarlara cavab versinlər. Misal üçün, sağlam vergi ödəyicilərinin olması, sığorta ilə bağlı vəziyyətinin normal olması vacibdir”.
Xatırladaq ki, ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi, həmçinin fərdi (mikro) sahibkarlara dəymiş zərərin qarşılanması üçün proqramlar hazırlanıb. Proqramlara əsasən muzdlu işçilərə əmək haqqının müəyyən hissəsi iki ay müddətinə qaytarılıb. Fərdi sahibkarlar minimum 250 manat, maksimum isə 5 000 manat olmaqla birdəfəlik yardım alıblar. Turizm sektoru pandemiyanın ən çox təsir etdiyi sahələrdən biridir.
Report