May ayının 13-də Türkiyənin İstanbul şəhərində Türk dövlətlərinin media və kommunikasiya sahəsində əməkdaşlığının təkmilləşdirilməsinə yönəlmiş proqram çərçivəsində Media və İnformasiya Sahəsində Əməkdaşlıq üzrə İşçi Qrupun 9-cu iclası keçirilib.
İnsider.az xəbər verir ki, tədbirin davamı olaraq bu gün Türk Dövlətləri Təşkilatının media və informasiyaya məsul nazir və yüksək vəzifəli şəxslərinin dördüncü toplantısı keçirildi.
Bu çərçivədə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan və Türkmənistanın nazirləri və yüksək vəzifəli şəxsləri bir araya gələrək, bu sahədə kommunikasiya və əməkdaşlığın inkişafı ilə bağlı birgə araşdırmalar və layihələri müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın videoismarışla iştirakçılara müraciət etdiyi toplantıda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev iştirak edib.
İclasda Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Asger Umarov, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə müavini Peter Sztaray, Özbəkistan Prezidenti yanında İnformasiya və Kütləvi İnformasiya Vasitələri Agentliyinin prezidenti Asadjon Xocayev, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin İnformasiya Siyasəti şöbəsinin müdiri Salkın Sarnoqoyeva, Türkmənistanın Ankaradakı səfiri İşankuli Amanlyev də nümayəndə heyətləri ilə iştirak edib.
Tədbir “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serial-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclaslarla davam etdirilib.
Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, və KİV fakültəsinin tələbələri qatılacaq.
Rəqəmsal texnologiya ilə təchiz olunmuş stend və foyedə iştirakçılar üzv və müşahidəçi üzv ölkələrin media və kommunikasiya qurumlarının fəaliyyəti haqqında məlumat əldə edə biləcəklər.
Tədbirin son günündə Rabitə Nazirliyi tərəfindən bütün iştirakçılar üçün sosial proqram təşkil olunacaq.
Səbinə Səmidxan