turk-liresi-abs-prezidentinin-aciqlamasindan-sonra-suretle-bahalasib

Türk lirəsi ABŞ prezidentinin açıqlamasından sonra sürətlə bahalaşıb

ABŞ prezidenti Donald Tramp Rusiyadan S-400 raket sistemini aldığına görə Türkiyəyə hazırda sanksiya tətbiq etmək planları olmadığını söyləyib. Tramp "S-400 məsələsində Türkiyəyə bu an sanksiya axtarışında deyiləm", - deyib.

İnsider.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə Türkiyənin S-400-ləri alması ilə bağlı sualları cavablandırıb. 

Tramp "Türkiyəyə sanksiya tətbiq edəcəksiniz?" sualına, "Xeyr. Hazırda buna baxmırıq", - cavabını verib. 

Dünən Ağ Evdən verilən açıqlamada S-400-lərə görə Türkiyənin artıq F-35 layihəsinin tərkib hissəsi olmadığı qeyd edilərək, "ABŞ Türkiyə ilə strateji əlaqəsinə də çox dəyər verir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çoxlaylıdır və yalnız F-35-lərə bağlı deyil",- bildirilmişdi.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də "ABŞ Türkiyənin strateji tərəfdaşlığına hələ də çox dəyər verir" açıqlamasını etmişdi.

Donald Trampın açıqlamasından sonra türk lirəsi 1% bahalaşıb. Dollar 5.63 lirə səviyyələrinə düşüb (Bakı vaxtı ilə saat 22:20-yə olan məlumat).

©"Marja"