turkiye-turkmenistan-qazinin-azerbaycan-vasitesile-neqli-yollarini-arasdirir-foto

Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını araşdırır - FOTO

“Ankara Türkmənistandan təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün alternativləri araşdırır”.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Enerji və İqlim Forumunda bildirib.

Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir:

“Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir.

Digər variant isə İran və Azərbaycan üzərindən mübadilə yolu ilə Türkiyəyə gəlməsidir. Alternativ olaraq, Türkmənistan qazı Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarük edilə bilər ki, bu da mahiyyət etibarı ilə daha uzunmüddətli, daha davamlı və daha böyük gücə malikdir”.

 

Bütün bu variantların nəzərdən keçirildiyini deyən Bayraktar, ilkin olaraq Türkmənistandan iki milyard kubmetrə qədər təbii qazın nəql oluna biləcəyini qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə hökuməti ölkənin İstanbul şəhərində təbii qaz ticarəti platformasını ən qısa zamanda istifadəyə verməyi planlaşdırır.

“Biz “Qazprom”la əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Düşünürük ki, biz bunu qısa müddətdə işə sala bilərik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Türkiyə və Türkmənistan qaz sektorunda Əməkdaşlıq Memorandumu və karbohidrogen ehtiyatları sahəsində əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalayıblar.

Report