turkiye-ve-iranda-bas-veren-devalivasiyanin-azerbaycan-bazarina-tesiri-qiymetler-ucuzlasacaqmi

Türkiyə və İranda baş verən devalivasiyanın Azərbaycan bazarına təsiri- Qiymətlər ucuzlaşacaqmı?

Bildiyimiz kimi son günlər qonşu ölkələrimiz olan Türkiyə və İranda dollar sürətlə qalxır. Həmin ölkələrin rəsmi məzənnələrində olan dəyişiklik Azərbaycan iqtisadi və ticari əlaqələrində öz təsirini göstərir. 

İqtisadçı ekspert Samir Əliyev İnsider.az-a Türkiyə lirəsinin və İran rialının sürətlə ucuzlaşmasının ölkəmizə təsirindən danışıb.

“Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya və Türkiyədir. Ölkənin ümumi idxalının 30-35 faizini bu iki ölkə təşkil edir. İranla da müəyyən qədər ticarət tərəfdaşlığımız var. Rusiyadan əsasən idxal olunan mallar qida məhsullarıdır. İrandan xüsusən kənd təsərrüfatı məhsulları gəlir. Türkiyədən isə bizə əsasən geyim, qida məhsulları gətirilir.

Nəzəri olaraq bu ölkələrdə olan devalvasiya oradan gətirilən malların bizdə qiymətinin düşməsinə gətirib çıxara bilər. Lakin bizim həmin ölkələrə çıxardığımız malların ixracında çətinlik yaradar. Bildiyimiz kimi manat sabitdir. Bizdən ixracatın 90-95%-i neft və neft məhsullarıdır. Qeyri-neft məhsullarının ixracı isə hələ zəifdir. Son illər əsasən bu sahəni inkişaf etdirmək istəyirik və artıq müəyyən irəliləyişlər əldə olunub. Lakin qonşu ölkələrdə yaranan sözügedən vəziyyət bizim ixracatımıza öz mənfi təsirini göstərə bilər. Belə ki, həmin ölkələrdə mallar ucuz olduğu üçün bizim oraya göndərilən məhsullar qiymətinə görə rəqabət qabiliyyətini itirir. Qiymət baxımından biz həmin ölkələrə ixrac etdiyimiz mallarda uduzuruq. Qonşu ölkələrdə gedən bu proseslərin bizim iqtisadiyyatımıza mənfi təsiri daha çoxdur. Bizim qeyri-neft sektorunu inkişaf etdirmək təşəbbüslərimizi ləngidir”. 

Samir Əliyev Türkiyə və İranda baş verən devalvasiyanın onların daxili qiymətlərinə təsir etdiyini, idxal olunan məhsulların qiymətlərinin dollara əsasən formalaşdığı üçün daxili bazarda da müəyyən artım olduğunu bildirib. 

“Məsələn, Türkiyə əsasən geyim məhsulları ixrac edən bir ölkədir. Amma o da xammalı xarici ölkələrdən aldığı üçün bu, həmin məzənnəyə əsasən formalaşmaq məcburiyyətində qalır. Parça, iplik əsasən Pakistan və Hindistandan alındığı üçün dollar məzənnəsinə görə qiymətdə fərq yaranır. Türkiyə idxala müəyyən asılılığı olan ölkədir. Bu baxımdan dolların bahalaşması bu ölkələrdəki malların da qiymətini bahalaşdırır. İxrac üçün bazar yerli valyuta timsalında bahalaşsa da, amma dollara çevirəndə xarici alıcı üçün ucuz olacaq”. 

İqtisadçı ekspert həmçinin qonşu ölkələrdə baş verən devalivasiyanın Azərbaycan milli valyutasına təsir etməyəcəyini qeyd edib:

“Bizdə məzənnəni bazar deyil, Mərkəzi Bank tənzimlədiyi üçün məzənnənin sabitliyi qorunub saxlanılır. 2015-ci ildə hökümətdən asılı olmayan səbəblərdən devalivasiya oldu, ancaq indi hər hansı dəyişiklik olarsa, hökümətin öz qərarı ilə baş verə bilər. Elə bir ciddi dəyişiklik gözlənilmir. Hər hansı kiçik dəyişikliklərin də olması gözlənilmir. Bu proseslərin manatın məzənnəsi üçün elə bir təhlükə yaratmağı mümkün deyil”.

Nübar Lətifli