Türkiyə pasportuna sahib olmaq, vətəndaşlıq almaq üçün artıq ev almaq və ya evlənmək yetərli sayılmır.
Polis və Milli Kəşfiyyat Təşkilatı (MKT) tərəfindən qəbul edilməyən və İnterpol tərəfindən "təmizdir" hesabatı təqdim edilməyən əcnəbilərə vətəndaşlıq verilməyəcək.
Məsələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyi Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəri İbrahim Taşyapan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasında çıxışı zamanı açıqlamalar verib.
Onun sözlərinə görə, ölkədə Türkiyə vətəndaşlığının alınmasına nəzarət getdikcə gücləndirilir. Daxili İşlər Nazirliyi bu məsələləri yaxından araşdırır, polis və Milli Kəşfiyyat Təşkilatının icazəsi olmadan əcnəbiyə Türkiyə vətəndaşlığı verilməyəcək.
"Bu qurumlar bizə hər hansı nöqsan var və ya yoxdur kimi bir rəy verir. Bu rəy müsbət olmadığı təqdirdə, bizim heç bir şəkildə vətəndaşlıq prosesini icra etməyimiz mümkün deyil. Arxiv araşdırmalarının aparılması mütləqdir", - deyə o bildirib.
"Son zamanlar beynəlxalq mütəşəkkil cinayətkar qrupların bəzi üzvlərinin Türkiyə vətəndaşlığını almaları ilə bağlı reaksiyalar səbəbindən yoxlamalar gücləndirilib. Bu mənada həm vətəndaşlığa müraciət zamanı, həm də müraciətin yekunlaşmasına az qalmış İnterpoldan iki dəfə təsdiqləmə tələb olunur", - deyə İbrahim Taşyapan əlavə edib.
"Vətəndaşlığa qəbul edilməsindən əvvəl problemli bir vəziyyətin olub-olmadığını son dəfə soruşuruq. Çünki biz bu prosesləri həyata keçirərkən polis və MKT-nin araşdırmasından təxminən 5-6 aylıq bir müddət keçmiş olur. İnterpola yenidən sorğu göndərərək ikinci dəfə təsdiq alarıq", - deyə o vurğulayıb.
Taşyapanın sözlərinə görə, bəzən başqa ölkənin vətəndaşı olduğu üçün həmin ölkələrdən etibarlı məlumat almaq mümkün olmur:
"Məsələn, insan cinayət törədir, həmin ölkə bu barədə İnterpola məlumat verir, lakin İnterpolun ölkələrə bunu bildirməsi üçün vaxt tələb oluna bilir. Bu arada, gecikmələrə görə belə bir fikir formalaşır ki, sanki bu şəxsin cinayəti barədə daha əvvəl məlum olduğu halda, vətəndaşlığa qəbul edilir".
Həmçinin Türkiyə Daxili İşlər Nazirliyi bu yaxınlarda valiliklərə məktub göndərərək Türkiyədə qanuni qalmaq hüququ olmayan əcnəbilərin evlilik ərizələrini qəbul etməmələrini tələb edib.
"Belə bir praktika artıq var idi, biz qeyri-qanuni mühacirlərlə mübarizə üçün bu qaydanı bir daha xatırlatdıq. Onlara xatırlatdıq ki, Türkiyədə hər hansı bir qanuni yaşamaq hüququ və ya qanuni statusu yoxdursa, onların evliliklərini həyata keçirməyin. Əgər şəxs Türkiyədə qanuni olaraq qalırsa, evlənə bilər. Hətta bəzən bəzi ölkələr bizə nota verir, məsələn, Mərakeş bizə nota verdi ki, mənim vətəndaşlarım qanuni sənəd gətirsələr belə, evliliklərini reallaşdırmayın və mənim Türkiyədəki konsulluğumdan və ya səfirliyimdən yenidən təsdiq alın", - deyə bu mövzuda danışan İbrahim Taşyapan qeyd edib.
Oxu.Az