turkiyede-bas-veren-olum-hadisesine-gore-azerbaycan-100-min-manat-sigorta-odeyib

Türkiyədə baş verən ölüm hadisəsinə görə Azərbaycan 100 min manat sığorta ödəyib

“Yaşıl Kart Sistemi çərçivəsində 2022-23-cü illərin yanvar-iyun ayları ərzində sığorta müqavilələrinin sayında 2,4 dəfə, sığorta haqlarında isə təqribən altıqat artım müşahidə edilib”.

Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin altı ayında 29 516 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 7 338 196 manat sığorta haqqı toplanıb:

“2022-ci ilin müvafiq dövründə isə 12 365 sığorta müqaviləsi rəsmiləşdirilib və 1 266 972 manat sığorta haqqı yığılıb. Artımım ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır.

Belə ki, 2023-cü ilin ilk altı ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 000 sığorta müqaviləsi rəsmiləşdirilib və 5 000 000 manata yaxın sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 7 000 ədədi Qazaxıstan, 2 000 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə, dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 000 000 manata yaxın sığorta xidmətini ixrac ediblər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilib”.

Məlumatda o da qeyd edilib ki, ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi isə onu göstərir ki, altı aylıq nəticələrə əsasən, sığorta müqavilələrinin sayında 67%, sığorta haqlarında isə 97% artım olub:

“2023-cü ilin müvafiq dövründə təqribən 21 000 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2 500 000 manat civarında sığorta haqqı yığılıb. 2022-ci ilin ilk altı ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 000 manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 000 manata yaxın sığorta ödənişi həyata keçirilib. 2022-ci ilin ilk altı ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 466 manat, cari ilin ilk altı ayı ərzində isə 3 309 manat təşkil edib.

Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibarilə azalmasına baxmayaraq, ortalama sığorta ödənişinin 34% artımı müşahidə olunub. Artımın təməl səbəbi Türkiyə Respublikasında baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 000 manat civarında sığorta ödənişidir.

2022-23-cü illərin ilk altı ayı ərzində, əsasən, xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk altı ayı ərzində toplanan sığorta haqlarının 22%-i həcmində sığorta ödənişi verilib, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7% təşkil edib.

2022-ci ilin ilk altı ayı ərzində ölkə daxilində 21 Yaşıl Kart hadisəsi üzrə 42 000 manata yaxın sığorta ödənişi həyata keçirilib. 2023-cü ilin müvafiq dövründə isə ölkə daxilində 29 Yaşıl Kart hadisəsi üzrə 59 000 manat sığorta ödənişi həyata keçirilib. Beləliklə, müqayisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol-nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40% artım müşahidə edilməkdədir.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir”.

Oxu.Az