turkiyenin-taninmis-siyasetcileri-azerbaycani-hemreylik-gunu-munasibetile-tebrik-edibler-video

Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEO

Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 30-cu ili tamam olur.

İnsider.az xəbər verir ki, Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibəti ilə təbrik ediblər.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Türkiyə parlamentinin CHP-çi deputatı Nihat Yeşil, Türkiyə parlamentinin deputatı, İYİ Partiyanın sözçüsü Yavuz Ağıralioğlu, Türkiyə parlamentinin CHP-dən olan deputatı Ali Haydar Hakverdi videogörüntülü şəkildə Azərbaycana təbriklərini ünvanlayıblar. Onların təbriklərini təqdim edirik.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu: "Qanlarını tökərək, şəhidlər verərək qazandıqları azadlıqları üçrəngli bayraqlarının altında daimi olsun. Can Azərbaycandan ayrı yaşayan, dünyanın hər yerindəki 50 milyondan çox Azərbaycan türkünə, xüsusilə də haqsız, vəhşi işğal altında olan Azərbaycanımızın öz torpağı Qarabağa və Qarabağ həsrəti ilə yaşayan Qarabağın əsil övladlarına salam olsun”.

CHP sədri Kamal Kılıçdaroğlu bildirib ki, Türkiyədə Azərbaycanı dost, qardaş ölkə bilirlər: “Azərbaycan xalqına Türkiyədən, Cümhuriyyət Xalq Partiyasından salamlarımızı, sevgilərimizi çatdırırıq. Azərbaycan xalqı ilə Türkiyə vətəndaşları arasındakı tarixi münasibətlərin daha da inkişaf etməsini arzu edirik”.

Türkiyə parlamentinin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Nihat Yeşil deyib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olacaq.

Türkiyə parlamentinin deputatı, İYİ Partiyanın sözçüsü Yavuz Ağıralioğlu bildirib ki, Azərbaycanın Həmrəylik Günü türkün həmrəylik günüdür: “Biz millət olaraq tarix səhnəsinə çıxdığımız vaxtdan və adımız bilindiyindən bu günə qədər bir-birimizi dəstəkləmək imkanı tapdığımız hər yeri həm özümüz, həm millətimiz, həm də bütün insanlıq üçün gül bağına çevirdik. Azərbaycanın varlığı Türkiyənin varlığı üçün gücdür, bizim varlığımız da onlar üçün gücdür. Bir-birimizin varlığı da insanlıq üçün güc olsun. Azərbaycanın Həmrəylik Günü mübarək olsun”.

Türkiyə parlamentinin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Ali Haydar Hakverdi: "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü türkiyəli millət vəkili olaraq təbrik edirəm".

Report