tusk-avropa-muharibeden-evvelki-dovrunu-yasayir

Tusk: “Avropa müharibədən əvvəlki dövrünü yaşayır”

“Hazırda Avropa müharibədən əvvəlki dövrünü yaşayır”.

Bu fikri Polşanın Baş naziri Donald Tusk İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.

“İndi ən qorxulusu, sözün əsl mənasında, hər hansı bir ssenarinin mümkün olmasıdır… Bilirəm ki, bu, xüsusən də gənc nəsil üçün üzücü səslənir, lakin biz yeni dövrə mənəvi olaraq öyrəşməliyik. Biz müharibədən əvvəlki dövrdə yaşayırıq, bu şişirtmə deyil”, - deyə o qeyd edib.

Tusk, həmçinin bildirib ki, Avropa liderlərinin son görüşündə İspaniya hökumətinin başçısı Pedro Sançes bəyanatlarında “müharibə” sözünü istifadə etməyi dayandırmağı xahiş edib.

“O deyir ki, insanlar özlərini bu qədər təhlükə altında hiss etmək istəmirlər, bu, İspaniyada mücərrəd səslənir. Mən isə cavab verdim ki, Avropanın mənim yaşadığım bölgəsində müharibə artıq mücərrəd deyil”, - deyə baş nazir bildirib.

Siyasətçinin sözlərinə görə, Avropa müdafiə sektorunda daha ​​çox iş görməlidir.

“ABŞ-dən hərbi muxtariyyət əldə etmək və ya NATO-dan paralel strukturlar yaratmaq üçün deyil, potensialımızdan, imkanlarımızdan və gücümüzdən daha yaxşı istifadə etmək üçün… Müdafiədə daha müstəqil olsaq, ABŞ üçün daha cəlbedici tərəfdaş olacağıq”, - deyə o əlavə edib.

Oxu.Az