Misirşünaslar firon “Tutanxamonun lənəti” ilə bağlı şayiələri təkzib ediblər.
Deyilənlərə görə, bu şayiələri misirşünas və “Daily Mail”in jurnalisti Artur Veyqall icad edib. O, Tutanxamonun məzarının tapılması ilə bağlı eksklüziv hekayənin “Times” qəzetində peyda olmasından inciyib.
İngilis arxeoloqu Hovard Karter 1922-ci il noyabrın 4-də Misir fironunun məzarını kəşf edib. Növbəti ilin fevralında isə o, ingilis misirşünası Corc Karnarvonla birlikdə Tutanxamonun dəfn otağına daxil olub.
Kəşfdən sonra altı həftə ərzində Karnarvon ölüb, ardınca isə qazıntılarda işləyən və ya məzarı ziyarət edən insanların bir sıra müəmmalı ölümləri baş verib.
Nəticədə bir çox qəzetlər bu insanların qədim lənətin qurbanı olduqlarına dair məqalələr yaymağa başlayıblar.
Lakin alimlər məzarı ziyarət edən və ya onun kəşfinə kömək edən bir çox digər insanların uzun və sağlam ömür sürdüyünü vurğulayıblar. Onların qənaətincə, sirli ölümlərə məzardakı bakteriyalar səbəb ola bilər.
Oxu.Az