uaz-ford-sollers-ve-aurus-azerbaycanlinin-vahid-rehberliyi-altinda

“UAZ”, “Ford Sollers” və “Aurus” azərbaycanlının vahid rəhbərliyi altında

Rusiyada fəaliyyət göstərən “UAZ” və “Ford Sollers” birgə müəssisəsinin prezidenti və baş direktoru Adil Şirinov “Aurus” MMC-nin baş direktoru təyin olunub.

İnsider.az bu barədə “RİA Novosti”-yə istinadla bildirir.

“2018-ci ildən “Aurus” MMC-yə başçılıq etmiş Herxard Hilgerti əvəzləyən Adil Şirinov 2019-cu ilin iyunun 1-dən həmin layihənin baş direktoru təyin edildi. Adil Şirinov Rusiyada avtomobil sahəsində ən yaxşı mütəxəssislərdən biridir, onun peşəkar təcrübə və biliyi Rusiyanın yeni “Aurus” brendini yeni inkişaf mərhələsinə çıxarmağa imkan verəcək”, - agentliyə Rusiyanın Sənaye və Ticarət Nazirliyi nümayəndəsi deyib.

Öz növbəsində Adil Şirinov qeyd edib ki, onun üçün “Aurus” komandasına qoşulma dəvəti böyük şərəfdir. 

“Hesab edirəm ki, yeni “Aurus”  rus avtomobillərinin yaradılması üzrə layihənin reallaşdırılması çərçivəsində böyük işlər görülüb və sənayedə yeni müasir avtomobil platformasını tərtib etməyə və mənimsəməyə qadir olan peşəkar komanda yaradılıb”, - Şirinov bildirib.

Xatırladaq ki, Rusiyada fəaliyyət göstərən “Ford Sollers” birgə müəssisəsinin prezidenti və baş direktoru Adil Şirinov cari ilin mayın 23-də “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun Baş direktoru təyin olunub. O, bu vəzifədə “Sollers”in əsas sahibi və Baş direktoru Vadim Şvetsovu əvəz edib.

Qeyd edək ki, 1999-2002-ci illərdə “Foerd Motor Company”də çalışmış 1964-cü il təvəllüdlü A.Şirinov “Sollers”dən əvvəl “RusPromAuto” ASC-də satınalma direktoru vəzifəsində işləyib.

Samirə Məmmədova