ukrayna-azerbaycanla-birge-sermayeler-qoymaga-hazirdir

Ukrayna Azərbaycanla birgə sərmayələr qoymağa hazırdır

Ukrayna Azərbaycanla birgə sərmayə qoyuluşları əsasında iqtisadiyyatın prioritet sahələrində layihələrin icrasına hazırdır.

Bu barədə Ukraynanın yeni təyin olunan iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri Tımofiy Mılovanov bildirib.

Azərbaycanla ilk olaraq kimya sənayesi, metallurgiya, maşınqayırma, aqrosənayə sahələrində müştərək sərmayələrlə bağlı əməkdaşlıq qurmaq niyyətində olduqlarını qeyd edən ukraynalı nazir iqtisadi əməkdaşlığa dair birgə hökumətlərarası komissiyanın Kiyev şəhərində keçiriləcək XII-ci iclasının ikitərəfli münasibətlərə təkan verəcəyini dilə gətirib.

“Ukrayna ilə Azərbaycan arasında hökumətlər səviyyəsindəki dialoqun, o cümlədən iqtisadiyyatla bağlı nazirlər arasında daim dialoqun inkişafı sənayenin müxtəlif sahələrində birgə layihələrin icrasına müsbət təsir edir. Qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi baxımdan iki ölkə arasında iqtisadi əməkdaşlığa dair birgə hökumətlərarası komissiyanın növbəti iclası səmərəli mexanizm ortaya qoymalıdır”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Ukrayna iqtisadiyyatına Azərbaycanın sərmayələri 374 milyon dollar, Azərbaycan iqtisadiyyatına Ukrayna sərmayələri isə 25 milyon dollar məbləğində dəyərləndirilir. O cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada 200 milyon dollardan artıq sərmayə yatırdığı bildirilir. Cari ilin 8 ayı ərzində Ukraynanın xam neft idxalatının 92 faizi Azərbaycanın payına düşüb.

Hazırda Azərbaycanda Ukrayna kapitallı 150-dən artıq şirkət fəaliyyət göstərir.

© Report