Ukrayna Nazirlər Kabineti ölkədə OKKO, WOG, SOCAR və KLO yanacaqdoldurma şəbəkələrinin premium sinfinə aid yanacağı satmaqdan imtina etməsinə münasibət bildirib.
İnsider.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hökumət benzin və dizel yanacağı üçün ən yüksək qiymət limiti barədə qəbul edilmiş fərmanın premium yanacağa şamil olunmadığını qeyd edib.
Ukraynanın İnkişaf, İqtisadiyyat, Ticarət və Kənd Təsərrüfatı Nazirliyi izah edib ki, nazirlər kabinetinin 14 may tarixli fərmanı yalnız A-92 və A-95 benzin markalarının və dizel yanacağının qiymətlərini tənzimləyir.
Qeyd edək ki, nazirlər kabineti 14 may tarixli sərəncamı ilə karantin müddəti üçün benzinin və dizel yanacağının pərakəndə qiymətlərini müəyyənləşdirib. Bu qərara görə, dizelin bir litrinin qiymətinə edilən əlavə 7 qrivna (0,43 manat), benzinin qiymətinə edilən əlavə isə 5 qrivnadan (0,31 manat) çox olmamalıdır.
Nəticə etibarilə, mayda bir litr benzinin ortalama qiyməti 30,22 qrivna (1,86 manat), dizel yanacağının bir litrinin qiyməti isə 27,89 qrivna (1,72 manat) olmalıdır.
Bununla əlaqədar olaraq OKKO şirkəti “PULLS 95” benzininin və “PULLS Diesel” yanacağının yanacaqdoldurma şəbəkəsində müvəqqəti olaraq satılmayacağını açıqlayıb. Səbəb kimi bu növ yanacaqların satışının sərfəli olmaması göstərilib.
SOCAR yanacaqdoldurma şəbəkəsi “NANO 95” və “Diesel Nano Extro” premium yanacaqlarının satışını məhdudlaşdırmağa qərar verib.
WOG yanacaqdoldurma şəbəkəsi “95 Mustang” və “DP+ Mustang” premium yanacağının satışını müvəqqəti dayandırıb.
KLO şəbəkəsi də fərmanın qüvvədə olma müddətində “VENTUS 95” benzinini və “VENTUS Diesel” yanacağını satmayacaq.