unesco-ya-irevanla-bagli-cagiris-daha-bir-vandalizm-aktina-sessiz-qalma

UNESCO-ya İrəvanla bağlı çağırış: Daha bir vandalizm aktına səssiz qalma!

İrəvan şəhərinin Təpəbaşı adlanan məhəlləsi ilə bağlı petisiya hazırlanıb.

Bununla bağlı UNESCO-nun baş direktoru Odri Azuleyə müraciət ünvanlanıb.

Müraciətdə deyilir:

“Hörmətli baş direktor,

İrəvan şəhərinin Təpəbaşı adlanan hissəsi (ermənilər Kond adlandırırlar) günümüzə qədər gəlib çatmış tarixi İrəvan şəhərinin yeganə nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadıqları və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən, bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir.

Sizdən xahiş edirik ki, İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllədə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına köməklik edəsiniz.

Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq”.