urxan-seyidov-sonuncu-doyus-heqiqet-yalana-qarsi

Urxan Seyidov: Sonuncu döyüş - Həqiqət Yalana qarşı

“Yalan xəbər güllədən ağır yaralayır” 
Qisasçılar (The Avengers) 

Bəşəriyyəti gözləyən təhlükələrdən, dünyanı dəfələrlə yadplanetli şərdən xilas edən (cari ayın sonunda Tanos ilə yekun döyüşdə bunu bir daha etməli olacaq) Qisasçılardan başqa daha yaxşı kim xəbərdar ola bilər? Hərdən bizə elə gəlir ki, Yer kürəsinin meteorit ilə toqquşması, tektonik sürüşmələr üzündən yer səthinin parçalanması, planetdə havanın temperaturunu mütləq sıfıra qədər endirən kəskin iqlim dəyişiklikləri, süni intellekt “Skynet”-in bəşəriyyəti tamamən məhv etməsi, yadplanetli məxluqlar tərəfindən planetin işğal edilməsi və s. və i.a. kimi axirət gününün bütün mümkün ssenarilərini görmüşük. Elə təəssürat yaranır ki, sanki bizi müəyyən bir hadisəyə hazırlamaq istəyirlər və sadalananlardan biri baş verərsə, çox az adam təəccüblənəcək. Digər tərəfdən isə Hollivud sehrbazları ibtidai instinktlərdə biri olan qorxunu çox gözəl vurğulayırlar. Qorxan gözə isə çöp düşər.    

“Science” jurnalının yalan  (başqa sözlə saxta) xəbərlərin yayılmasının səbəbini təhlil edən son tədqiqatında, saxta xəbəri dərc etmək həvəsinin bəşəriyyətin təkamülü dövründə yarandığı iddia edilir. Bu qəbildən olan informasiyanın əsas üstünlüyü – onun aldadıcı yeniliyidir. “Homo Sapiens”də kooperasiya, təhlükəyə reaksiya və ətrafdakı insanları bu barədə xəbərdarlıq etmə bacarığı inkişaf edirdi. Məsələn, təsəvvür edin ki, ətrafınızdakıları mümkün təhlükəyə dair ilk siz xəbərdar edirsiniz. Əgər informasiya təsdiqlənər və insan həyatı xilas edilərsə, təkamül qələbəsi nəhəng olacaq, hətta informasiya təsdiqlənməsə belə, qorxulu heç nə baş verməyəcək. Pis bir şey baş verərsə - sən artıq ona hazırsan. Mövqe tamamən doğru olmasa da, məntiq var.

Gəlin, “Science” jurnalının tədqiqatına qayıdaq. 11 il ərzində aparılan bu, tədqiqat sayəsində 3 milyon istifadəçinin yaydığı saxta və həqiqi xəbərdən ibarət 126 000 retvit zənciri təhlil edilib. Müəlliflərin fikrincə, insanlar “ya həqiqətdirsə və bu təhlükə barədə ilk xəbərdarlığı verən mən olaramsa, afərin mənə” prinsipi ilə ağlasığmaz xəbər və əfsanələr yayırlar. [1] Sözügedən tədqiqatın nəticələrinə görə, 1500 istifadəçiyə çatması üçün saxta xəbərlərdən fərqli olaraq həqiqi xəbərlərə 6 dəfə çox zaman tələb olunur, həqiqi xəbərlərdən fərqli olaraq saxta xəbərin dəfələrlə paylaşılma şansı 70% yüksəkdir. Qeyd edək ki, siyasi və ya fəlakətlər haqqında xəbərlərin yayılma eləcə də oxunma sayı daha çoxdur. Uinston Çerçil deyirdi ki, “Həqiqət ayağa qalxana qədər, yalan dünyanın yarısını gəzir”.       

Hər yalan şər olmadığı kimi, hər həqiqət də xeyir deyil. Məşhur İsrail tarixçisi və filosofu Yuval Noy Harrarın fikrincə obyektiv həqiqətdən (məsələn, təbiətin əsas qanunları) və subyektiv reallıqdan (insani fikir və emosiyalar) başqa, üçüncü – intersubyektiv reallıq da mövcuddur. Belə reallığın obyektinin mövcudluğu çox sayda insanların qarşılıqlı fəaliyyətindən asılıdır. Məsələn, pul, qanun və imperiyalar əksəriyyətdə onlara inamın mövcud olduğu müddət boyunca böyük məna və dəyər daşıyır. İnsanlar öz aralarında pulları, qanunları və imperiyaları önəmli saymağa dair razılaşıblar. Amma, əgər sabahdan supermarketlərdə dollar qəbul edilməsə, o adi bir kağız parçasına çevriləcək.[2]

XXI əsrdə yalanlar daha nüfuzlu, ideologiyalar isə daha totalitar olur. Bu ideologiyalar alqoritmlərin və biotexnologiyaların yardımı ilə yalnız fəaliyyətimizin hər dəqiqəsini deyil, eləcə də  beynimizi formalaşdıraraq, öz cənnəti və cəhənnəmi olan virtual reallıq yaradacaqlar. Uydurmanı reallıqdan, elmi dindən ayırmaq getdikcə daha da çətin olacaq. Oxucu “Bloomberg” kanalının texnologiyaların necə irəli getdiyini və onların yardımı ilə yeni dezinformasiya növünün yaratmağın mümkün olduğu haqqında reportajı ilə tanış ola bilər. (https://www.youtube.com/watch?v=gLoI9hAX9dw)
Nobel mükafatının iqtisadiyyat üzər laureatı “Asta düşün, tez qərar ver” kitabının müəllifi Daniel Kanemanın fikrinə görə, problem insanların həddən artıq özünə inamlı və şəxsi intuisiyalarına etibar etmələrindədir. Çoxu əqli əməkdən qaçmaq üçün yollar axtarır. İnsanlar çox zaman həqiqətə bənzər cavabı düzgün olaraq qəbul edirlər. Axı onu qəbul etməmək üçün böyük iş tələb olunur: dayanıqlı əminlik olduqda məntiqi yoxlamaq çətindir. Əgər insanlar hansısa iddianın həqiqi olmasına inanırlarsa, onlar hətta bu iddianı dəstəkləyən arqumentlərə də inanırlar.[3]

Bizim beynimizdəki dünya – reallığın tam əksi deyil, bizim baş verən hadisələri qiymətləndirmə imkanlarımız ətrafdakı informasiyanın yayılması və emosional intensivliyi ilə təhrif edilib. Belə ki, KİV-in diqqətini cəlb edən təyyarə qəzası bir müddət sizin uçuşun təhlükəsizliyinə dair fikrinizi dəyişəcək, yolda yanan avtomobili görsəniz, müəyyən müddət ərzində qəzalar haqqında düşünəcəksiniz. Səhvlərin meydana gəlməsində şəxsi təcrübə də böyük rol oynayır. Məsələn, sizin işinizlə əlaqədar məhkəmədə verilən ədalətsiz hökm, bu barədə yazılmış hər hansı bir qəzet materialından daha çox ədalətə inamınızı sarsıdacaq. “VKontakte” şəbəkəsinin və “Telegram” mesencerinin təsisçisi Pavel Durov deyir: “KİV-in məlumatları şəxsi təcrübəndə tanış olduğun məsələni əks edənə qədər həqiqətə uyğun görünür”.

Biz, şəxsi iddialarımızı təsdiq edən detal və informasiyaya üstünlük veririk, onlardan köklü şəkildə seçilənləri isə görməzlikdən gəlirik. Biz, özümüzdən çox başqalarının çatışmazlıqlarına daha çox diqqət yetiririk. Bu məqaləni oxuyarkən belə, çoxu bu tələyə başqalarından daha az düşdüyünü fikirləşir. Bu, “inancların kor ləkəsi” adlanan koqnitiv təhriflərdən biridir. Bura bizi dünyanı obyektiv gördüyümüzü, bizimlə fikir ayrılığı olan insanların nəyi isə anlamadığını  hesab etməyə məcbur edən, sadəlövh realizm və eqosentrik ismarışların bizim deyil, ətrafdakı insanların qərarlarına (və ya bizimdə qərarlarımıza amma daha az) təsir etdiyinə dair sadəlövh sinizm aiddir.[4] 

Məsələn, sizdən bir kişinin xarakterinə görə işini müəyyən etmənizi istəyiblər. Deyək ki, kim isə kitabxanaçı və yaxud satıcıdır, onun xarakterini isə “çəkingən” sözü təsvir edir. Bu insanın kitabxanaçı olması ehtimalı nə dərəcədədir? müəlliflərin fikrinə görə, bu eksperimenti apardıqları seminarlarda, adətən “O mütləq kitabxanaçıdır. Kitabxanaçılar adətən çəkingən olurlar. Satıcılar isə əksinə, adətən ünsiyyətə açıq və ünsiyyətcil olurlar. 90% o kitabxanaçıdır!”. İnandırıcı səslənir, amma köklü şəkildə yanlışdır.    

Bu yanlış yanaşmanın problemi kişi satıcıların, kişi kitabxanaçılardan nə qədər çox olmasına dair informasiyanın görməməzlikdən gəlinməsindədir. Məsələn, ABŞ-da kişi-satıcı və kişi-kitabxanaçı sayı arasındakı fərq 100-1 kimidir. Bu səbəbdən də bir insanın çəkingən olduğunu eşitdiyiniz zaman, onun kitabxanaçı olma şansının 1% olduğunu nəzərə almalısınız. Əsas məlumat isə məhz budur.[5]      

Burada biz aşkar bir nəticəyə gəlirik: korrelyasiyanın mövcudluğu səbəbi nəzərdə tutmur! 

Bunu da anlamaq lazımdır ki, ABŞ-da baş verən son hadisələr, maraqlı tərəflərin cəmiyyətin gəldiyi nəticələri idarə etmək üçün informasiyanın manipulyasiyası istiqamətində müxtəlif üsullardan istifadə etdiklərini yalnız təsdiqləyir. Beləliklə də, KİV-in sayəsində  opponentə təsir vasitəsi kimi istifadə edilən informasiyanın asimmetriyası – fon küyü yaranır, onun yoxlanılmasına böyük resurs və ən əsası zaman tələb olunur.       

Bəs bu şərtlər altında kimə və necə inanmaq olar?  Belə şəraitdə informasiyanın interpretasiyasının ümumi prinsipi – müşahidədir. Hərəkətlər sözlərdən daha çox informasiya verir, həm də günahsızlıq prezumpsiyasını heç kim ləğv etməyib. Hər zaman şəxsi addımlarınızın informasiya məğzini diqqətlə təhlil etmək lazımdır. Son nəticədə məhz siz: göy həbi seçib inanmaq istədiyinizə inanmağa davam etmək və ya qırmızı həbi seçmək haqqında qərar verməli olacaqsınız... 

Biblioqrafiya:

[1] Xəbərlər. 2019. “Saxta xəbərləri qanunla məğlub etmək olarmı” 
Available at: https://bit.ly/2VynaiC  [Accessed 09 April 2019]

[2] Harari, Yuval N., 2017. Homo Deus: A Brief History Of Tomorrow. Harper.

[3] Kahneman, D., 2011. Thinking, Fast And Slow. Farrar, Straus And Giroux.

[4] Republic.ru. 2019. “Zəka oyunları: koqnitiv təhriflər üzrə rəhbər”  
Available at: https://republic.ru/posts/89505. [Accessed 09 April 2019].

[5] Harvard Business Review. 2019. “Tələdə: yanlış qərarlardan necə qacınmaq olar”
Available at: https://hbr-russia.ru/management/prinyatie-resheniy/p25431. [Accessed 09 April 2019].