Son günlər əhali arasında infeksiyalar və kəskin respirator viruslar yayılıb. Xüsusilə azyaşlı uşaqlarda bu hallara daha sıx rast gəlinir.
Bəs uşaqlar arasında yayılan xəstəlik və səbəbləri nələrdir? Bu xəstəlik koronavirusun yeni növü ilə əlaqəlidirmi?
Bu barədə pediatr-reanimatoloq Qoşqar İsmayılovun sözlərinə görə, payız mövsümündə yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları yayılır.
“Qrip, influenza kimi respirator viruslar yavaş-yavaş aktivləşir. Uşaqlarda burun axması, öskürək, yüksək hərarət özünü göstərir. Bəzi uşaqlarda dəridə səpgilər əmələ gəlir. Sadəcə olaraq, bu virusların hər il yeni mutasiyaları, ştamları yaranır. Uşaqlar arasında yayılan bu xəstəlik koronavirusla əlaqəli deyil”, - deyə o əlavə edib.
Yeni tədris ilinin başlanması ilə uşaqlar arasında virusun yayılmasının kəskin artmasına dair pediatr bildirib ki, xəstə uşaqlar bağça və məktəbə getməməlidirlər.
“Təbii ki, onlar qrip əleyhinə vaksinasiya oluna bilərlər”, - deyə Q.İsmayılov bildirib.
Trend