ust-den-avropada-epidemiya-heddine-catan-piylenme-ile-bagli-teklif

ÜST-dən Avropada epidemiya həddinə çatan piylənmə ilə bağlı TƏKLİF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 53 ölkənin daxil olduğu Avropa regionunda piylənmənin “epidemiya həddinə” çatdığını açıqlayıb. ÜST-ün məlumatına görə, Türkiyə piylənmənin ən yüksək olduğu ölkələr arasında birinci yerdədir.

Hesabatda yer alan məlumatlara görə, Türkiyədə yetkin əhalinin 66,8%-i artıq çəkidən, 32,1 faizi isə piylənmədən əziyyət çəkir.

Türkiyədən sonra yetkinlərin ən çox kilolu olduğu ölkələr arasında ardıcıl olaraq Malta, İsrail və Böyük Britaniya gəlir.

Ən az kilo problemi olan ölkələr siyahısında isə Tacikistan (45 faiz), Özbəkistan və Qırğızıstan (48 faiz) ilk yerləri paylaşır.

Hesabatda COVID-19 pandemiyasının da piylənmənin yayılmasında mühüm rol oynadığı qeyd edilib. Mütəxəssislər pandemiyanın səbəb olduğu oturaq həyat tərzi və qeyri-sağlam qidalanma vərdişlərinin çəki artımını sürətləndirdiyini, Avropada getdikcə rəqəmsal həyat tərzinin problemi daha da ağırlaşdırdığını vurğulayırlar.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Klüge Avropada artıq piylənmənin epidemik həddə çatdığını və vəziyyətin getdikcə ciddiləşdiyini bildirib. Klügenin sözlərinə görə, sağlamlığa sərmayə qoymaq və əlverişli ekoloji şərait yaratmaqla bu vəziyyəti geri qaytara bilərlər.

ÜST-ün təklif etdiyi tədbirlərə şəkərli içkilərə vergilərin artırılması, sağlam qidalara isə azaldılması və uşaqlara zərərli qidaların satışının məhdudlaşdırılması daxildir.

Oxu.Az