Ümumdünya Səhiyyə Təşkilatı “meymun çiçəyi” xəstəliyinin yayılmasını müzakirə etmək üçün mütəxəssislərin fövqəladə iclasını çağırır.
Bildirilir ki, görüşün əsas mövzuları xəstəliyin yayılma yolları, cinsi azlıqlar arasında yayılması, həmçinin vaksinlərlə bağlı vəziyyət olacaq.
Xəstəlik artıq Britaniya, İspaniya, Belçika, Fransa, İsveç, İtaliya, Avstraliya və Kanada da daxil olmaqla bir sıra ölkələrdə aşkar edilib.
“Meymun çiçəyi” nadir virus infeksiyasıdır və insanlar arasında da yayıla bilir. Bu, adətən yüngül xəstəlikdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər. Mütəxəssislər vurğulayırlar ki, “meymun çiçəyi” cinsi yolla ötürülən infeksiya hesab edilmir, ancaq yoluxmuş şəxslə yaxın təmas zamanı yayıla bilər.
Xəstəliyin ilkin əlamətlərinə qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və halsızlıq daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi inkişaf edə bilər.