BMT Baş Katibinin nümayəndəsi Stefan Dujarrik Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun COVID-19-a qarşı üçüncü doza peyvəndlərə müvəqqəti moratorium tətbiq etmək çağırışını şərh etməkdən imtina edib.
Bu barədə RT xəbər yayıb.
“Hazırda bu mövzuda heç bir şərh verməyəcəyəm”, - deyə Dujarrik bildirib.
Dujarrik ÜST-ün tibbi məsələlərdə aparıcı rol oynadığını və BMT-nin onların işini tam dəstəklədiyini əlavə edib.
Xatırladaq ki, ÜST ən azından sentyabrın sonuna qədər COVID-19-a qarşı buster peyvəndlərə moratorium tətbiq etməyə çağırıb. Səhiyyə qurumu bunun peyvənd çatışmazlığı yaşayan az gəlirli ölkələrə daha çox dozada COVID-19 peyvəndi göndərilməsinə imkan verəcəyini və ÜST-ün sentyabrın sonuna qədər dünya əhalisinin ən az 10 faizini vaksinasiyası məqsədinə çatmasına kömək edəcəyini vurğulayıb.
Qeyd edək ki, ÜST-ün bu çağırışı ölkələr arasında da birmənalı qarşılanmayıb. Belə ki, Rusiya qüvvətləndirici peyvəndi müvəqqəti dayandırmaq çağırışını koronavirus infeksiyasından ölənlərin sayının artma riski ilə əlaqələndirib. Qurumdan bildirilib ki, ÜST-ün məqsələri ali olsa da hazırda ölkələr ilk növbədə öz vətəndaşlarının sağlamlığı ilə maraqlanmağa borcludurlar.
Ağ Evin sözçüsü Jen Psaki də ABŞ rəhbərliyinin ÜST-ün buster peyvəndi müvəqqəti dayandırmaq çağırışını yanlış hesab etdiyini bildirib.