Bəzi vətəndaşlar mənzili aldıqdan sonra qiymətin bazar dəyərindən baha olduğunu öyrənir. Digərləri isə qiymətdə yanılmamaq üçün alacağı evin bazar dəyərini bilmək istəyir.
İnsider.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti vasitəsi ilə almaq istədiyiniz evin qiymətinin bazar dəyərinə uyğun olub-olmadığını əvvəlcədən öyrənmək mümkündür.
Komitənin “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidməti buna imkan verir. Elektron xidmət daha çox praktiki olması ilə seçilir. Bu xidmətin köməyi ilə ev sahibi və ya alıcı əldə etmək istədikləri ərazidə evlərin bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə bilir.
Bunun üçün vətəndaş komitənin “Elektron xidmətlər” portalındakı 9-cu xidmət pəncərəsinə keçid alır. Daha sonra əmlak haqqında məlumatlar daxil edilir. Belə ki, ilk olaraq əmlakın yerləşdiyi rayon, qəsəbə, küçə daxil edilir. Eyni zamanda bazar qiymətinin hansı tarix aralığı üzrə olmasını seçir. Məsələn, vətəndaş 2019-cu ilin yanvar-avqust aylarını seçməklə bu tarixlərdəki mənzillərin bazar dəyərini öyrənə bilir. Daha sonra istifadəçi elektron qaydada 10 manat məbləğində xidmət haqqını ödəməklə nəticəni əldə edir.
Nəticədə isə həmin ərazidə olan alqı-satqısı aparılan mənzillərin ətraflı olaraq məlumatları əks olunur. Belə ki, satılan mənzillərin siyahısı, tikildiyi tarix, o cümlədən satış tarixi göstərilir. Həmçinin mənzillərin sahəsi və otaq sayına uyğun olaraq da qiymət dəyişir. Burada 1,2,3 və daha çox otaqlı mənzillərin bazar qiymətini görmək olar. Adıçəkilən elektron xidmət vasitəsilə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir. Eyni zamanda onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir.
© Marja