VTB (Azərbaycan) sayt və bankomatlarında bank kartının pin-kodunu dəyişmək xidmətini işə salıb. Əvvəl bu xidmət yalnız bankın filiallarında göstərilirdi.
Sayt vasitəsi ilə pin-kodun əvəz olunması üçün müştəri kartın məlumatlarını daxil edib “Pin-kod təyin etmək” bölməsini seçib və mobil telefona daxil olan kod vasitəsindən istifadə edərək əməliyyatı təsdiqləməlidir. Bankomatda isə köhnə pin-kodu sildikdən və SMS vasitəsilə müvəqqəti pin-kodu aldıqdan sonra ekranda EPİN bölməsini seçmək və təlimata əsasən hərəkət etmək lazımdır.
“Bəzən elə vəziyyət yaranır ki, bank kartının pin-kodunu dəyişmək tələb olunur: misal üçün əgər kart sahibi pin-kodu unudub və ya məlumatlar üçüncü şəxslərin əlinə keçib və s. Biz distant kanalların imkanlarını genişləndirib bu xidməti müştərilərimiz üçün daha da rahat etdik. Şifrənin dəyişdirilməsi üçün vaxt itirib banka gəlməyə ehtiyac yoxdur – korporativ sayta daxil olmaq və ya bankomatlarımızdan birinə yaxınlaşmaq kifayətdir”, - deyə bank VTB (Azərbaycan)-ın Ödəniş kartları idarəsinin rəisi Afaq Cahangirova bildirib.
Müştərilər Pin Set funksiyasını dəstəkləməyən kartların pin-kodunu dəyişmək üçün əvvəl köhnə pin-kodu silmək məqsədilə bankla əlaqə saxlamalıdır. Pin-kodun silinməsi üzrə komissiya bankın tariflərinə uyğun olaraq tutulur.