“Azərbaycan üçün Çin əsas strateji tərəfdaşlardan biridir. Nəzərə alaq ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsində artımlar müşahidə olunur. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollardan çox olub”.
Bu sözləri İnsider.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Pekin səfərini şərh edərkən deyib. Eksper qeyd edib ki, 2015-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 565 milyon dollar olub: “Bu o deməkdir ki, son 3 ildə iki ölkə arasında ticarət dövriyyəsində 2 dəfədən çox artım var. Bu, ölkələr arasında ticari, iqtisadi əlaqələrin genişlənməsindən xəbər verir”.
Ekspert bildirdi ki, Çin investisiyası Azərbaycan üçün vacibdir: “Prezidentin Pekinə səfəri zamanı 821 milyon dollarlıq sərmayə qoyuluşu olan sənədlər imzalanıb. Bu da Çin investisiyasının Azərbaycana cəlb edilməsi baxımından çox vacibdir. Nəticə etibarilə imkan verəcək ki, Çin investisiyası hesabına daha çox vəsaitin cəlb edilməsinə nail olmaq mümkün olsun. Sərmayə qoyuluşu və ya xarici sərmayənin cəlb edilməsində Çinin payının artması Azərbaycanda qeyri-neft sektoruna daha çox investisiya qoyulmasına imkan verəcək.
V. Bayramov onu da bildirdi ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsində aktiv ölkələrdən biridir: “Qeyd edim ki, “Bakı-Tbilisi-Qars”-ın istifadəyə verilməsi, infrastrukturun inkişaf etdirilməsi Xəzər üzərindən “Bir kəmər, bir yol” layihəsinin reallaşmasına imkan verəcək. Bu isə Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcminin artmasına və ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə səbəb olacaq. Belə məqam ölkəmizin dövlət gəlirlərinin artması baxımından vacibdir. Prezidentin Çinə səfəri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə cəlb edilməsi, eləcə də, ölkədə istehsal edilən qeyri-neft məhsulların Çinə yönəldilməsinə, bu ölkənin bizim üçün yeni bazara çevrilməsi ilə sahibkarların öz məhsullarını ixrac etməsinə, beləliklə də, ölkəyə daha çox valyuta daxil olmasına imkan yarada bilər”.
Şəfa Tapdıq