“Azərbaycanda gündəlik gəliri 3,2 ABŞ dollarından az olan yoxsul qeydə alınmayıb”.
İnsider.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Davamlı inkişaf hesabatı - 2020” sənədini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub.
“Bərabərsizliyi ifadə edən Cini əmsalı (“Gini coefficient” – red.) Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir”, - deyə V. Qasımlı bildirib.
Qeyd edək ki, Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.
““Davamlı inkişaf məqsədləri indeksi”nə görə, Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir”, - deyə V. Qasımlı qeyd edib.
Mərkəzinin icraçı direktoru əlavə edib ki, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib.
“Davamlı İnkişaf üzrə 17 məqsəddən yalnız birində - təhsilin keyfiyyətində geriləmə qeydə alınıb. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün deyək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur”, - deyə V. Qasımlı əlavə edib.