vyetnam-imperatorunun-mohuru-fransadan-vetenine-qaytarilib-foto

Vyetnam imperatorunun möhürü Fransadan vətəninə qaytarılıb - FOTO

Son Vyetnam imperatoru Bao-daya məxsus olan və Fransada “Millon” hərrac evi tərəfindən hərraca çıxarılan qızıl möhür bir ildən çox davam edən danışıqlardan sonra vətəninə qaytarılıb.

Bu barədə Vyetnam xəbər agentliyi Mədəniyyət, İdman və Turizm Nazirliyinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, 10,7 kiloqram ağırlığında olan qızıl möhürün təhvil verilməsi mərasimi Vyetnamın Parisdəki səfirliyində Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Nquyen Van Hunq, səfir Din Toan Thanq, UNESCO-nun nəzdində daimi missiyanın rəhbəri Le Thi Honq Van və Mədəni İrs Departamentinin direktoru Le Thi Thu Hienin iştirakı ilə baş tutub.

Dəyəri 6,1 milyon avrodan (təxminən 11,15 milyon manat – red.) çox olan və İmperator Min Manqın hakimiyyəti dövrünə aid artefaktı Vyetnamın Baknin Nquyen The Honq əyalətinin antikvar cəmiyyətinin sədri satın alıb. Bu, Vyetnam və “Millon”un idarələrarası nümayəndə heyəti arasında aparılan danışıqlar sayəsində mümkün olub.

Qıvrılmış əjdaha təsviri ilə bəzədilmiş qızıl möhür Vyetnamın sonuncu monarxı Bao Dayın nəslinə aid sənət kolleksiyasının bir hissəsidir. 2021-ci ildə həyat yoldaşı Monik Bodo vəfat etdikdən sonra kolleksiya onun varislərinə miras qalıb.

Oxu.Az