wsj-softbank-in-tesiscisi-bitkoinlere-gore-130-milyon-dollardan-cox-vesait-itirib

“WSJ”: “SoftBank”-ın təsisçisi bitkoinlərə görə 130 milyon dollardan çox vəsait itirib

“SoftBank” telekommunikasiya şirkətinin təsisçisi Masayösi Son bitkoinlərə edilən uğursuz investisiyalara görə 130 milyon dollardan çox vəsait itirib.

İnsider.az bu barədə “The Wall Street Journal”-a istinadla xəbər verir.

Portalın məlumatına görə, Yaponiyalı milyarder bitkoinləri 2017-ci ilin sonunda əldə edib. Həmin vaxt kriptovalyutanın dəyəri təxminən 20 min dollar təşkil edirdi. Sonun nə qədər bitkoin aldığı dəqiq məlum deyil. 2018-ci ilin əvvəlində kriptovalyutanın dəyərdə kəskin düşdüyü vaxt biznesmen aktivdən qurtulub.

Məlumata əsasən, Masayösi Son bitkoinlərə “Fortress Investment Group” investisiya şirkətinin rəhbərlərindən biri olan Piter Brigerin məsləhətilə investisiya ayırıb. Şirkət kriptovalyutalara 2013-cü ildən maya qoyurdu.

2017-ci ildə “SoftBank” “Fortress”-i alıb. Bu zamana kriptovalyuta daxil, şirkətin aktivləri 150 milyon dollardan çox təşkil edirdi.

Qeyd edək ki, “SoftBank” və Piter Briger şərh verməkdən imtina edib.

Samirə Məmmədova