“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüş keçirilib.
2 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevlə görüş keçirilib. Qalib gəncləri təbrik edən və yeni təhsil həyatlarında onlara uğurlar arzulayan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərini diqqətə çatdırıb. Bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərimizin üzərinə məsuliyyətli vəzifə düşür."
3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirak ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib. Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Gəncləri təbrik edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər, fikir mübadiləsi aparılıb.