xarici-bankin-istiqrazlari-baki-fond-birjasinda-listinqe-alindi

Xarici bankın istiqrazları Bakı Fond Birjasında listinqə alındı

10 milyon manatlıq istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək

İnsider.az xəbər verir ki, “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin 26 iyul 2019-cu il tarixində keçirilmiş iclasında Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunması qərara alınıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankının nominal dəyəri 1 000 manat olan 10 000 ədədistiqrazları BFB-nin tiracət platformasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.

"Beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına dair Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanmış və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minmişdir. Həmçinin cari ilin fevral ayında beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə BFB-nin listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarına aid daha sadə listinq tələbləri müəyyən edilmişdir. Bu tədbirlər nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə yerli valyutada emissiya ediləcəkdir. Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”,  Moody’s  tərəfindən A2 dərəcəsində müəyyən olunmuşdur",- Birjanın məlumatında deyilir.