xarici-bazarlara-cixarilan-azerbaycan-neftinin-hecmi-aciqlanib

Xarici bazarlara çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb

İndiyə qədər xarici bazarlara 554 mln. ton Azərbaycan nefti çıxarılıb.

İnsider.az-ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa" zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, xaricə göndərilən Azərbaycan neftinin təxminən 400 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilib.

X. Yusifzadə bildirib ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günə qədər ümumikdə 2 mlrd. kubmetr qaz nəql edib.

SOCAR-ın Birinci Vitse-Prezidenti qeyd edib ki, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi davam etdirilir: “TAP layihəsi də artıq başa çatır. Gələn il də bu kəmər istifadəyə veriləcək".

X. Yusifzadə vurğulayıb ki, Azərbaycanın çoxlu təbii qaz ehtiyatları var: “Yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ancaq proqnozlara görə bu rəqəm 6 trilyon kubmetrdir”

X. Yusifzadə qeyd edib ki, Azərbaycanın böyük neft ehtiyatları da mövcuddur: “Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdiliri. Bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var. Bu da onu göstərir ki, bizim hələ neftimiz də çoxdur”.