Bildiyimiz kimi xaricdə yaşayan ölkəmizin bütün vətəndaşlarının xarici banklarda depozit açmağa haqları var. Ölkə xaricində pul saxlanılmasının əsas üstün cəhəti təhlükəsizlikdir. Qərb maliyyə müəssisələri öz mühafizəkar strategiyaları, müştərilərin vəsaitlərinə qarşı məsuliyyət və göstərdikləri diqqət ilə fərqlənirlər. Bəs Azərbaycan vətəndaşlarının xarici ölkə banklarında depozit qoyması prosesi mümkündürmü?
“Azərbaycan vətəndaşlarının başqa ölkə banklarında hesab açdıraraq pul qoymaq prosesi müəyyən ölkələrin qanunvericiliyindən asılı olaraq dəyişir. Bəzi ölkələrin qanunları buna imkan vermir. Məsələn, qonşu ölkələrdən Türkiyə banklarında hesab açdırıb pul yatırmaq mümkün deyil”.
Bu sözləri hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev İnsider.az-a Azərbaycan vətəndaşı olaraq başqa ölkə banklarında hesab açdırmaq prosesinin necə aparılmasından danışarkən deyib: “Azərbaycan vətəndaşı olaraq başqa ölkə banklarında hesab açdıraraq pul qoymaq prosesi ölkələrin qanunlarına əsasən, həmin ölkədə sənin qeydiyyat nömrənin, sosial sığortanın olması, vöen hesabının olması tələb olunur. Bu tələblər həm ölkəyə, həm banka əsasən dəyişir. Elə bank var ki, heç bir sənəd tələb etmir. Avropa ölkələrinin hər birinin öz qanunverliyi olduğu üçün, hər birində bu məsələyə fərqli yanaşılır. Məsələn, İsveçrədə heç bir sənəd tələb olunmur. Bu ölkədə istənilən banka çox rahat pul yatırmaq mümkündür. Almaniyada isə daha fərqlidir. Qeydiyyatın olması rezident tələbi olduğu üçün bir çox bankda hesab açdırmaq mümkün deyil. Hesab açdırmaq üçün ya oxumaq, ya işləmək, yaşamaq tələbi var. Turist kimi gedərək hesab açdırıb pul yatırmaq mümkün deyil. Türkiyədə banklarda hesab açdırmaq üçün TC vəsiqəsinin nömrəsi tələb olunur. Xarici vətəndaşlara bu proses mümkün olmasa da, Kiprdə bunu rahatlıqla etmək mümkündür. Rusiyada bu proses üçün azərbaycanlılar üçün hər hansı bir sənəd tələbi yoxdur”.
Professor ofşor bankçılıq termininin bunun əsasında yarandığını bildirib: “Ofşor bankçılıq dünyada hər hansı qeydiyyat nömrəsi olmadan istənilən şəxsin gəlib bank hesabı açdırıb pul yatıra bilməsidir”.
Xarici bankdan gələn gəlirimdən məlumat verməliyəmmi?
“Azərbaycan vətəndaşı xaricdən gəlir əldə edirsə, pul qazanırsa, pul qoyulan ölkə ilə Azərbaycan arasında “ikili vergiləndirmənin aradan götürülməsi haqqında müqavilə” yoxdursa, o, həmin puldan 20 faiz vergi ödəməlidir. Əgər bu, gəlir gətirən bir hesabdırsa, bu haqda məlumat verməlidir. Sadəcə əmanət hesabıdırsa, onların bildirilməsinə dair bir öhdəlik yoxdur”, - deyə F.Mehdiyev bildirib.
Xarici banka yatırdığı pulumu Azərbaycanda necə çıxarım?
“Bir çox bankın hal- hazırda telefona yükləyə biləcəyimiz bank proqramı var. Həmin proqram vasitəsi ilə həmin pulu Azərbaycandakı bir hesaba köçürməlisiniz. Nəzərə çatdırım ki, pulu hesabdan hesaba keçirən zaman müəyyən məbləğ tutulur. Amerika banklarından Azərbaycandakı hər hansı hesaba pul köçürən zaman köçürülən pulun məbləğindən asılı olmayaraq təqribi 70-80 dollar arası pul tutulur. 100 dollarda olsa, 5 min dollarda olsa bu tutulan məbləğ dəyişmir. Hesabdan hesaba köçürmə vasitəsi ilə pul çıxarmaq sərf eləmir.
İkinici variant olaraq pul qoyulan bankda kart hesabı açılır. Bu kart vasitəsi ilə vətəndaş istənilən Azərbaycan bankına məxsus bankomatdan bunu çəkə bilər. Amma müəyyən məhdudiyyətlər var. Günlük təqribən 500 dollara yaxın pul götürə bilmək məhdudiyyəti var. Bəzi banklarda bu öhdəlik dəyişə bilər. Müştəri günlük pulçəkmə məbləğinin həddini artıra bilər. Xarici bank kartından Azərbaycan bankomatlarından çəkilməsinə müəyyən limit qoyulur ki, bankomatın pulu qurtarmasın. Bunu əvvəldən qoyulan günlük limit məbləği tamamlanana qədər etmək mümkündür. Bankomatdan pul çəkdiyimiz zaman da ən azı 1 faiz pul tutulur. Xarici banklardan çəkdiyin məbləğinə əsasən 2 faiz hesablanaraq əməliyyat aparılan bank tərəfindən tutulur. Elə banklar var ki, pul çəkərkən hətta 2 yox 3 faiz tutur. 2 faiz yerli bankın hesabına, digər 1 faiz isə pulu yatırdığın bankın hesabına tutulur”, - deyə professor qeyd edib.
Nübar Lətifli