Hazırda ölkədə inkişafına dövlət tərəfindən böyük dəstək verilən sahələrdən biri də kənd təsərrüfatıdır. Müasir texnikadan istifadə isə bu inkişafın sürətlənməsinə təkandır. “Aqrofun” MMC-nin təqdim etdiyi aqrotexnika vasitələri ilə torpağın gübrələnməsi, becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə qulluq, kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarması və s. prosesləri yerinə yetirilir. Şirkətin rəhbəri Fərhad Məhərrəmov ilə müsahibəni təqdim edirik.
- "Agrofun” MMC olaraq neçə ildir kənd təsərrüfatı texnikasının çatdırılması ilə məşğul olursunuz və fəaliyyət üçün niyə məhz bu sahəni seçdiyinizi bilmək maraqlı olardı.
- Şirkət olaraq 2015-ci ildən aktiv fəaliyyət göstəririk. Əslində təhsil sahəm tam fərqlidir. Hüququ bitirməyimə baxmayaraq, kənd təsərrüfatına, daha doğrusu bağ və bağçılıq isinə həmişə marağım olub. 2015-ci ildə daha öncə çalışdığım şirkətdə işimə son verdim. İşdən ayrıldıqdan dərhal bu sahə ilə məşğul olmaq qərarını verdim. 2017-ci ilə qədər bu sahənin incəliklərini öyrəndim və “Aqrofun” olaraq bu yolda addımlar atmağa başladıq. Fərqli fəaliyyət sahəsinə keçidə baxmayaraq həvəsim olduğu üçün heç bir adaptasiya çətinliyi yaşamadım. Əksinə hüquqi təcrübəm mənə, istər əməkdaşlarla, istər şirkəti təmsil edərək tərəfdaşlarla münasibətdə çox kömək edir.
- Kənd təsərrüfatı hazırda ölkədə dinamik inkişaf edən sahələrdən biridir. Həm iş şəraitinin, həm də məhsuldarlığın səviyyəsini yüksəltmək üçün isə sahibkarların müasir texnikadan istifadəsi mütləqdir. Təqdim etdiyiniz texnika növləri barədə danışardınız.
- Biz işə bağçılıq texnikası ilə başladıq. Ümumiyyətlə təqdim etdiyimiz texnikanın əksəriyyəti bağçılıq sahəsi ilə bağlıdır. Təfərrüatda isə aqrotexnika çox geniş çeşidlərə malikdir. Müxtəlif növ, ölçü və markalı texnikalar mövcuddur. Bəzən sahibkarlar sırf ölçüsü uyğun olduğu üçün istifadəyə yararlı sayılan texnikalara üstünlük verirdilər. Amma məhz bağ traktoru növlü texnika var. Bu traktorun ölkəyə gətirilməsi üçün şirkət olaraq Hindistana səfər etmişik. Baş ofisi həmin ölkədə yerləşən və dünyaca məşhur “Mahindra Rise” şirkətinin Azərbaycanda rəsmi distributoruyuq. Bu şirkət qeyd edim ki, sırf bağ traktorlarının istehsalı ilə məşğuldur. Həmin traktorların “Armotrak” növünün çatdırılamsını yerinə yetiririk. Yeni texnologiya ilə istehsal edilir və model olaraq 2019-cu ilin istehsalıdır. Bu texnika sahibkarlar üçün çox əlverişlidir. Bundan başqa Çinin dövlət zavodu olan “YTO İnternational” ilə əməkdaşlıq edirik. Bu şirkətin istehsalı olan traktorlara gəldikdə isə artıq 1000-dən artıq texnika fermerlərin istifadəsinə verilib. Türkiyənin “Agrional”, “Karataş tarımcılık” və “ArmaTrac” şirkəti ilə əməkdaşlığımızı da vurğulamaq istərdim. Fəaliyyət müddətimiz qısa da olsa, ilkin olaraq qarşımıza qoyduğumuz məqsədin 20%-nə nail olmuşuq. Bundan sonrakı məqsədimiz, kənd təsərrüfatının digər sahəsində özümüzü sınamaqdır.
- Sirr deyilsə hansı?
- Xeyr, sirr deyil. Gübrə sahəsində işə başlamaq istəyirik. Laboratoriyaların qurulması üzrə danışıqlar gedir. Torpaqların mövcud vəziyyətini təhlil edərək, məhsuldarlığı artırmaq üçün atılacaq addımları müəyyənləşdirəcək laboratoriyaların qurulması planlaşdırılır.
- Şirkət bu texnikanı sahibkarlara hansı şərtlər altında təqdim edir?
- Dövlətimiz tərəfindən kənd təsərrüfatının inkişafına böyük dəstək verilir, ayrılan subsidiyalar bunun əyani sübutudur. Satdığımız texnikaları əldə etmək üçün fermer və sahibkarlarımız bu subsidiyalardan yararlanır. Sistem olaraq isə bir texnikanın bəyannamə dəyərinin 40%-ni dövlət güzəşt edir. Digər 40%-i dövlət tərəfindən faizsiz kredit şəklində təqdim edilir, sahibkar faktiki olaraq ümumi dəyərin 20%-ni ödəyərək texnika əldə edir. Bu isə kənd təsərrüfatının inkişafına böyük təkandır.
- Texnika sahibkara çatdırıldıqdan sonra, göstərdiyiniz başqa bir xidmət varmı? (təmir, mütəmadi texniki dəstək və s)
- Mütləq şəkildə, bunun üçün şirkətimizin nəzdində servis fəaliyyət göstərir. Bildiyiniz kimi dövlətimizin subsidiyaların lizinqlə verilməsi zamanı qoyduğu şərtlərdən biri də zəmanətdir. Zəmanət verildikdə isə təchizatçı şirkətlərin servisinin olması labüddür. Bizim də şirkətin həm mobil, həm şəhərin mərkəzində ofis olaraq fəaliyyət göstərən servisimiz satışdan sonra fermerlərə öz xidmət və dəstəyini göstərir.
- Fəaliyyət coğrafiyanız nə qədər genişdir, Ölkənin əsasən hansı regionlarından olan sahibkarlar ilə əməkdaşlıq edirsiniz?
- İlk olaraq Bakıdan başlamışdıq. Bu gün artıq Quba, Şəmkir, Göyçay və Masallıda sırf mağaza və şirkət olaraq fəaliyyət göstəririk. Hal-hazırda isə Şəmkirdə tələbat daha böyük olduğu üçün artıq ikinci mərkəzin açılışına hazırlaşırıq.
- Artıq hər bir şirkət qısa və uzunmüddətli planlar və perspektivlər siyahısına azad olunmuş ərazilərdə aparılacaq işləri də daxil edir. AgroFun MMC olaraq bu ərazilərdə kənd təsərrüfatının inkişafı üçün nə kimi planlarınız var?
- Qeyd etdiyim kimi xarici tərəfdaşlarımız var. Onların bu işlərdə marağı böyükdür. Çalışacağıq ki, xarici tərəfdaşlarımızı bu ərazilərə sərmayə yatırılması üçün cəlb edək. Amma təbii ki, özümüzün də o ərazilərdə fəaliyyət göstərmək arzumuz böyükdür.
Səbinə Səmidxan
"Business Time"