xeyal-memmedxanli-haqlar-artirilmasa-bu-sigorta-probleme-cevrilecek

Xəyal Məmmədxanlı: Haqlar artırılmasa, bu sığorta problemə çevriləcək

"2020-ci ildə sığorta bazarında minimum 10%-lik artım proqnozlaşdırıram".

Bunu sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirib.

"2018-ci illə müqayisədə keçən il ərzində sığorta bazarında kiçilmə müşahidə olundu. Bunun da əsas səbəbi həyatın yaşam sığortası üzrə olan azalmalar idi. Belə ki, həyatın yaşam sığortası ilə bağlı qanunvericilikdə edilən müvafiq dəyişikliklərdən sonra burda çox ciddi şəkildə azalmalar oldu. Ötən il bazarın müsbət cəhətlərindən biri olaraq qeyri-həyat üzrə könüllü sığorta növlərində artım qeydə alındı. Mənim üçün əsas sevindirici tərəf budur. Çünki mən icbari sığortalar üzrə yığımların artmasını bazarın inkişafı hesab etmirəm. Könüllü sığortalarda bir qədər dinamiklik baş verdi. KASKO sığortası, tibbi sığorta, aqrar risklərin sığortası, əmlak sığortası və digər könüllü sığorta növlərində müəyyən bir canlanma yaşandı. Nəticədə, ümumilikdə bazarın stabilliyi qorundu. Amma rəqəmlər baxımından bazarın kiçildiyini deyə bilərəm. Halbuki biz ilin əvvəllərində ötən il üçün daha böyük rəqəmlərin olacağını proqnozlaşdırmışdıq.

2019-cu il əsasən insanların sığorta barəsində danışdığı bir il oldu. Xüsusən ilin son iki ayı daşınmaz əmlakın icbari sığortası ilə bağlı müzakirələrlə yadda qaldı. Yəqin ki, bu müzakirələr və maarifləndirici addımlar gələcək illərədə öz nəticəsini verəcək. Artıq insanların bir çoxu əmlak sığortası ilə maraqlanmağa başlayıb.

Doğrudur, bu artımda əsasən aqrar sığortanın və daşınmaz əmlakın icbari sığortasının rolu olacaq. Amma hər halda, icbari sığorta növlərinin belə inkişafı daha sonrakı mərhələdə könüllü sığorta növlərinin stimullaşdırılmasına gətirib çıxarır. Odur ki, bazarın vəziyyətini stabil hesab etmək olar. Sevindirici hallardan biri də sığorta şirkətlərinin sayında azalmanın olmamasıdır. Daha öncəki illərdə demək olar hər il müəyyən sığorta şirkətlərinin bazarı tərk etməsinin şahidi olurduq. Keçən il isə bazar stabilləşdi və hətta iki yeni sığorta şirkəti də yarandı. Böyük ehtimal ki, bu ildən bazarda müəyyən bir inkişaf tendensiyası müşahidə edəcəyik",- sığorta mütəxəssisi əlavə edib.

Onun sözlərinə görə, 2019-cu ili avtomobillərin icbari sığortası üzrə çox mənfi bir il hesab etmək olar. Bu sığorta növü, tarixində ilk dəfə olaraq 2019-cu ildə zərərli sığorta növlərindən birinə çevrilməyə başladı. Önümüzdəki illərdə yol nəqliyyat hadisələri azalmasa və ya sığorta haqqları artırılmasa, bu sığorta növü bazar üçün problemli bir sığorta növünə çevriləcək. Demək olar ki, artıq sığorta şirkətlərinin əksəriyyəti bu sığorta növü üzrə zərərdədirlər. Bunun səbəbi yol-qəza hadisələrinin sayının həddən çox olması, avtomobillərin ehtiyat hissələrinin dəfələrlə bahalaşması, mövcud sığorta tarifləri və mövcud sığorta məbləğlərinin isə reallığa cavab verməməsidir. Əvvəllər bir hadisə vaxtı 200-300 manat xərc çıxırdısa, bu gün eyni hadisədə çıxan xərc min manatdır. Nəticədə sığorta şirkətləri yığdıqları sığorta haqqından daha çox sığorta ödənişi həyata keçirirlər. Bu zaman sığorta şirkətləri zərərdə olduğuna görə sığorta ödənişlərində azaltmalar etmək kimi xoşagəlməz hallara yol verirlər. Bu da müştəriləri narazı salır. Ona görə də icbari sığortalar baxımından olmasa da, könüllü sığortalar baxımından 2019-cu ili uğurlu il hesab etmək olar.

KASKO sığortası üzrə 2018-ci ilki azalmalardan fərqli olaraq 2019-cu il artım oldu. Bu işdə "KASKO BUTİK" layihəsinin apardığı maarifləndimə və təbliğat işlərində önəmli rolu var. KASKO sığortası bazarında 2018-ci illə müqayisədə 5 milyon manatlıq bir artım var. Bu artımın 2020-ci ildə də davam edəcəyini düşünürəm. 

Könüllü tibib sığorta bazarı ilə bağlı vəziyyət tam müəyyən deyil. Bu bazarın hansı istiqamətdə inkişaf edəcəyi icbari tibbi sığorta mexanizminin effekltivliyindən asılı olacaq. İcbari tibbi sığorta mexanizmi effektiv işləsə, ola bilsin ki, könüllü tibbi sığorta bazarında müəyyən azalmalara səbəb ola bilər. Bu mexanizmin işləmədiyi təqdirdə isə könüllü tibib sığorta məhsullarına daha çox maraq yaranmış olacaq".

X.Məmmədxanlı bildirib ki, dünyada yüzlərlə sığorta növü olsa da Azərbaycanda yalnız 5-6 sığorta növünün inkişafını görürük: "Aviasiya risklərindən sığorta, dəniz risklərindən sığorta, məsuliyyət risklərinin sığortası kimi sığorta sektorunda rəqəmlər demək olar ki, hər il eyni şəkildə qalmaqdadır. Halbuki bu bazarlarda da böyük potensial var. Ötən il müxtəlif sığorta növləri üzrə yeni məhsullar görsək də, yeni sığorta növü görmədik”.

© "Report"