xezerde-suitilerin-kutlevi-telef-olmasinin-sebebi-aciqlandi-video

Xəzərdə suitilərin kütləvi tələf olmasının səbəbi AÇIQLANDI - VİDEO

Ötən gün Dağıstanın Mahaçqala şəhərində 150-dən çox Xəzər suitisinin cəsədinin tapılması ilə bağlı məlumat yayılıb.

Tapılan suitilərin çoxunun dərisinin olmaması onların ölümündə insan faktorunun olduğuna işarə edir.

Suitilərin ölüm səbəbi barədə Ekologiya və Təbii Sərvət Nazirliyi ilə əlaqə saxladıq.

ETSN-nin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru, professor Mehman Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin yeganə məməli heyvanı keçən il Rusiyanın “Qırmızı Kitabı”na daxil edilib:

“Tədqiqatlar onu göstərir ki, Xəzər dənizində bu heyvanların sayı 100 mindən artıq deyil. Ötən əsrdə isə bu rəqəm bir milyon təşkil edib”.

Professor bildirib ki, suitilərin son günlər tələf olmasının bir-neçə səbəbi var:

“Qış aylarında onların şimal istiqamətinə miqrasiyası baş verir ki, son bir neçə ay ərzində onların qoca fərdləri bu səbəbdən Dağıstan sularında məhv olub. Son günlər isə 150 suitinin məhv olmasının səbəbi balıqçıların torlarına düşməsi ehtimallarını artırır. Onların dərilərilərinin soyulması bunu deməyə əsas verir”.

M.Axundov qeyd edib ki, xarici alimlər ötən ilin dekabr ayında təxminən 300 suitinin məhv olunmasını Xəzər dənizində seysmik aktivliyin artması, təbii metan qazının suya düşməsi ilə bağlayırdılar:

“Son günlər suitilərin balıq torlarına ilişərək məhv olması onu göstərir ki, ötən il səsləndirilən fikirlər düzgün deyil”.

Oxu.Az