Yaponiyanın “Bitpoint Japan” onlayn kriptovalyuta birjasının hesabından 3,5 milyard yen (təqribən 32 milyon dollar) oğurlanıb.
İnsider.az xəbər verir ki, bu barədə şirkətin iyulun 12-də yaydığı bəyanatda deyilir. Bildirilir ki, iyulun 11-dən 12-nə keçən gecə şirkətin virtual valyuta ticarəti sistemində vəsaitlərin köçürülməsi zamanı səhvə yol verilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, kriptovalyutaların fırıldaqçılar tərəfindən qeyri-qanuni çıxarılması baş verib. Oğurlanan aktivlərin ümumi məbləği 3,5 milyard yen təşkil edib ki, bunun da 2,5 milyardı yeni müştərilərə məxsusdur.
Şirkətin nümayəndələri yaranan vəziyyətə görə müştərilərdən üzr istəyib və məsələnin tezliklə aydınlaşdırılacağını bildiriblər. Hazırda birjada bütün əməliyyatlar dayandırılıb.
©AZƏRTAC