yaxin-heftelerde-butun-mekteblerin-distant-tedrise-kecmesi-planlasdirilmir

Yaxın həftələrdə bütün məktəblərin distant tədrisə keçməsi planlaşdırılmır

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

Bu barədə Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Qeyd olunub ki, ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir: "Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək".

Xatırladaq ki, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.

Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir.

İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.