Öz intellektinin əmsalını çox saylı və bezdirici suallarla qarşılaşmadan öyrənmək istəyənlər üçün Massaçusets Texnologiya İnstitutunun professoru Şeyn Frederik ən qısa IQ-test düşünüb. Test cəmi üç sualdan ibarətdir. İnsider.az bunu “RİA Novosti”-yə istinadla xəbər verir.
Test hələ 2005-ci ildə yaradılıb, lakin internetdə indi peyda olunub. Testə aşağıdakı suallar daxildir:
1. Tennis raketinin və topun ümumi dəyəri 1,10 dollar təşkil edir. Bununla yanaşı raket topdan 1 dollar bahadır. Top neçəyədir?
2. Toxuculuq fabrikinin beş maşını beş dəqiqəyə beş əşya istehsal etməyə qadirdir. 100 əşyanın hazırlanması üçün 100 maşına nə qədər vaxt lazım olacaq?
3. Göldə suzanbağları bitir. Hər gün onların sayı iki dəfə artır. Məlumdur ki, gölün bütün səthini suzanbağları 48 günə tamamilə örtə bilərlər. Gölün yarsını örtmək üçün suzanbağlarına neçə gün lazım olar?
Şeyn Frederik müxtəlif sahədən və müxtəlif təhsil səviyyəsi olan üç min insanın iştirakı ilə eksperiment apardı. Onlardan cəmi 17 faiz iştirakçı düzgün cavab verə bildi.
Testin asan olduğu görünə bilər, lakin bu yanlış təəssüratdır. Professor düzgün həll üçün ilk ağıla gələn cavablardan imtina etməyi məsləhət görür.
Suallara ən çox yayılmış cavablar 10 sent, 100 dəqiqə və 24 gündür – onlar hamsı yanlışdır. Düzgün cavablar – 5 sent, 5 dəqiqə və 47 gündür.
Samirə Məmmədova