yeni-sahibkarlar-ordusu-yaranacaq-onlara-guzest-olunmalidir-ekspert

Yeni sahibkarlar ordusu yaranacaq: Onlara güzəşt olunmalıdır - Ekspert

“Sahibkarlıqda yeni  bölgünü yaratmaqla və onları mikro, kiçik, orta və iri  kateqoriyalara bölməkdə dövlətin əsas məqsədi ümumi işi daha da rahatlaşdırmaqdır”.

Bu sözləri İnsider.az- a açıqlamasında 2018-ci ilin dekabrında Azərbaycanda sahibkarlıqla bağlı qəbul edilən dəyişikliklərin üstünlüyündən danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı ekspert  Mircavid Həsənov deyib: 

“Əvvəl iki - kiçik və orta sahibkarlıq meyarları var idi. Orda həm kiçik, həm də orta sahibkar sadələşdirilmiş 4 faiz vergi sistemi ilə ödəniş edirdi. Hazırda qeydiyyatdan keçmiş bütün şirkətlərin  statistikası aparılır. Bütün statistik göstəricilər yığılandan sonra qeydiyyatda olan şirkətlərin hansı kateqoriyaya aid olması təsdiqlənəcək. Bu bölgü vergini növlərə görə müəyyən etməklə sahibkarlara daha yaxşı şərait yaradacaq.

Əvvəl ödənilən vergi və qarşıya qoyulan şərtlərdə iri sahibkarla kiçik sahibkar arasında böyük fərq yox idi. Bütün kateqoriyalara eyni meyarlar şamil olunurdu. Halbuki hər sahibkar öz gəlirinə və xərcinə görə fərqli kateqoriyaya aiddir. Yeni yaradılan mikro sahibkarlıq kiçik sahibkardan da aşağı kateqoriyadır. Bu bölgü həm gəlirə, həm işçi sayına görə aparılır”.

Əvvəlki illərdə sahibkarlığa maneələrin daha çox olduğunu bildirən ekspert son illərdə əngəllərin demək olar ki, tamamilə aradan qaldırıldığını bildirib:

“Maneələr əvvəllər hədsiz çox idi. Bunlar əsasən gömrük, vergi ilə bağlı idi. Hazırda həm gömrüklə bağlı maneələrin götürüldüyünü, həm də vergi yoxlamalarının sıfıra endirildiyini görürük". 

Yeni yaradılmış şirkətə DƏSTƏK

İqtisadçı hesab edir ki, yeni yaranmış sahibkarlığın inkişafına dəstək olmaq lazımdır: "Məsələn, mikro sahibkara və ya yeni yaradılmış şirkətə dəstək üçün müəyyən güzəştlər mümkündür. Hətta yeni şirkəti bir müddət vergidən də azad etmək olar.  Başqa bir varinat: Yeni yaranan MMC-lərə bir müddətlik, məsələn, bir neçə həftəlik təlimlər keçmək lazımdır. Bunu "Asan Xidmət"in nəzdində də təşkil etmək olar. Onlara əsasən vergi hesabatlarının verilməsi, statistikanın öyrədilməsi təmin olunsa, bu, daha yaxşı nəticə verər. Yəni dövlət tərəfindən maarifləndirici işlərin aparılması gərəkdir. Əslində regionlarda kənd təsərrüfatı ilə bağlı sahibkarlıq sahələrində maarifləndirmə işlərinin aparılması daha önəmlidir. Sahəsindən asılı olmayaraq yeni yaranan sahibkarın güzəştə ehtiyacı olur. Bu, nəzərə alınsa, həm sahibkarlara dəstək verilər, həm də zəruri sahədə müsbət nəticə ortaya çıxar”. 

Yeni sahələr

Son iki il ərzində üç sahədə (turizm, bağçılıq və mobil tətbiqlər üzərindən yaradılan şirkətlər) sahibkarlığın daha çox inkişaf etdiyini deyən Mircavid Həsənov əlavə edib ki, onlardan təkcə biri üzrə 700-ə yaxın şirkət fəaliyyətə başlayıb, bir hissəsi isə uğursuzluqla üzləşib:

“Son dövrlər Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsində çoxlu şirkətlər yaradılıb. Çoxsaylı xırda turizm şirkətləri yaransa da, onların effektlivliyi o qədər də nəzərə çarpmır. 2018-ci ildə 700-ə yaxın turizm şirkəti açılıb, amma onların bazar tutumu o qədər də çox yüksək deyil. İl ərzində həmin şirkətlərin əksəriyyəti bağlandı, yalnız bəziləri fəaliyyətini davam etdirir. Statistik göstəricilərə görə, bir sahədə bu qədər şirkətin yaradılması böyük işdir.

İkincisi, kənd təsərrüfatında bağçılıq sahəsi ilə bağlı şirkətlər təsis edilib. Bu, istifadədən kənarda qalan, əkilməyən torpaqların istifadəsini təmin edir. Hətta Abşeron yarımadasında hektarlarla şoran ərazilərində zeytun, badam ağacları əkilib. Quba, Xaçmaz zonasında çox böyük ərazilərdə gilas, alma, fındıq bağları salınıb. Ümumiyyətlə, həmin ərazilərdə boş bağ tapmaq demək olar ki, mümkün deyil. Hazırda ölkədə ənənəvi bağçılıq deyil, intensiv bağçılıq inkişaf etdirilir. Xarici sortların yeni üsullarla yetişdirilməsinə start verilib. Nəticədə məhsuldarlıq yüksəlir, əvvəl 1 hektar ərazidən 1 ton məhsul əldə edilirdisə, indi yeni üsullarla 10 ton məhsul toplamaq mümkündür. 

Əlavə olaraq internet xidmətləri üzərindən insanlara yararlı və bir çox problemləri həll edən şirkətlər yaradılıb. Məsələn, mobil tətbiqlər vasitəsi ilə insanlara xidmət göstərən taksi şirkətlərini nümunə göstərə bilərik. Bu, xırda iş kimi görünsə də, əslində əhalinin məşğulluğunu artırır. Yəni kimin avtomobili varsa, bu şirkətlərə qoşulmaq imkanı var. Digər tərəfdən əhali ucuz taksi xidməti ilə təmin olunur”. 

Ölkəmizdə iş qurmağın üstünlüklərini açıqlayan Mircavid Həsənov proseslərin gedişinə aydınlıq gətirib:

“Azərbaycanda şirkət yaratmaq rahatdır. Bunu hətta xaricilərdən iranlı, türkiyəli iş adamları da etiraf edirlər. 

Əvvəlki proseslərə görə Azərbaycanda əks düşüncə formalaşıb. Halbuki bir işin sənədləşdirilməsi, rəsmiləşdirilməsi, lisenziyaların alınması ölkəmizdə çox asan başa gəlir. Əlbəttə, sahələrə görə fərqlər də var. Elə sahələr var, bizdə asan, başqa ölkələrdə daha çətindir, elələri də var ki, tam əksinə. 5-6 il bundan qabaq yeni sahibkarlıqda ciddi problemlər var idi, hətta süni əngəllər də törədilirdi. Artıq həmin çətinliklər demək olar ki, tamamilə aradan qaldırılıb.

Mənfəət və gəlir vergisindən azad olanlar

Yeni bölgünü nəzərdə tutan qanunun sahibkarlara nə qazandırmasından danışan iqtisadçı-ekspert Vüsalə Əhmədova yeni qanuna əsasən, gəlir və ya mənfəət vergisi ödəyicilərinin cari vergi ödəmələrinin hesablanmasında dəyişiklik tətbiq olunacağını qeyd edib:

“Əvvəlki qanuna əsasən, işçi sayı 25 nəfərədək olan və illik gəliri 200.000 manata çatan sahibkarlıq subyektləri “kiçik sahibkar” sayılırdısa, yeni qanunda işçi sayı 11 nəfərdən 50 nəfərədək olan və illik gəliri 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyektləri “kiçik sahibkar” sayılacaq. O cümlədən, əvvəlki qanunda işçi sayı 25 nəfərdən 125 nəfərədək olan və illik gəliri 200.000 manatdan 1.250.000 manatadək olan sahibkarlıq subyektləri “orta sahibkar” adlanırdısa, yeni qanunda işçi sayı 51 nəfərdən 250 nəfərədək olan və illik gəliri 3.000.000 manatdan 30.000.000 manatadək olan sahibkarlıq subyektləri “orta sahibkarlar” adlanacaq. Əvvəlki qanunda işçi sayı 125 nəfər və ondan yuxarı olan, illik gəliri 1.250.000 manat və ondan yuxarı olan sahibkarlıq subyektləri “iri sahibkar” hesab olunurdusa, yeni qanunda işçi sayı 251 nəfər və ondan yuxarı olan və illik gəliri 30.000.000 manatdan yuxarı olan sahibkarlıq subyektləri “iri sahibkar” adlanacaq. Yeni qanunda “mikro sahibkar” adı altında yeni meyar müəyyənləşdirilib ki, 10 nəfərədək işçi saxlayan və illik gəliri 200.000 manatadək olan subyektlər bu kateqoriyaya aid ediləcəklər. Hüquqi şəxslər mənfəət və fiziki şəxslər isə gəlir vergisi ödəyicisi olacaqlar. 

Bundan əlavə, istehsal fəaliyyəti ilə məşğul olub 10-dan çox işçi saxlayan hüquqi və fiziki şəxslər, sahibkarlara xidmət göstərən hüquqi və fiziki şəxslər, sahibkarlara mal satan hüquqi və fiziki şəxslər, bina tikintisi istisna olmaqla lisenziyalı fəaliyyətlər ilə məşğul olan hüquqi və fiziki şəxslər, xəz-dəri və zərgərlik məmulatlarının satışı ilə məğul olan hüquqi və fiziki şəxslər sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar. Yalnız mənfəət və gəlir vergisi ödəyicisinin dövriyyəsi artan yekunla 200.000 manatı keçmirsə, həmin şəxslərə mikro sahibkarlıq subyekti olduqlarından azad olma tətbiq olunacağı müsbət hal kimi dəyərləndirilə bilər”.

Sahibkarlığın inkişafına olan manelər

Azərbaycanda sahibkarlığın inkişafına olan manelərdən danışan Vüsalə Əhmədova problemlərdən də söz açıb: “Kiçik və orta sahibkarlıq bütün zamanlarda hər bir cəmiyyətin hərəkətverici qüvvəsi sayılıb. Təəssüf ki, ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün münbit şərait yoxdur. Ölkəmizdə kiçik və orta sahibkarların ən çox qarşılaşdıqları çətinliklər vergilərlə bağlı yaşanan problemlər, iri şirkətlərin bazarı inhisarlara almaları, kredit faizlərinin çox yüksək olması və icarə qiymətlərinin bahalığıdır. Orta və kiçik sahibkarların ən böyük arzusu rəqabətli biznes mühitində fəaliyyət göstərməkdir. Elə bir mühitdə ki, onların hüquqları tam qorunsun, fəaliyyətlərinə yersiz və əngəlləyici müdaxilələr edilməsin, inhisarçılıq, qiymətlərin süni manipulyasiyasına yol verilməsin. Bazara effektli nəzarət sistemi yaradılmazsa inhisarı önləmək mümkün olmayacaq. Elə bir təşkilat yaradılmalıdır ki, o, bazarın tənzimlənməsində, rəqabətli biznes mühitinin formalaşdırılmasında maraqlı olsun. Məsələn, bu,  özəl qurum da ola bilər. İnhisarçılıq sahibkarlıq fəaliyyətinə güclü zərbə vuran amildir. Hazırda ölkəmizdə biznesin ən gəlirli olan sahələri inhisarlaşdırılıb və hər bir sahibkarın bu sahələrlə məşğul olmaq şansı yoxdur”.

İnternet sahibkarlıq

Son dövrlər internet sahibkarlığına marağın yüksək səviyyədə olduğunu deyən ekspert Azərbaycanın xarici ölkələrlə təcrübə mübadiləsi aparıldığını bildirib:

“Azərbaycan dünyanın, o cümlədən Türkiyənin tanınmış şirkətləri ilə internet sahibkarlığı sahəsində təcrübə mübadiləsi aparır. Bu tendensiya iqtisadiyyatın təbii sərvətlərdən asılılığını azalda bilər. İnternet sahibkarlığının ənənəvi biznesdən fərqi ondadır ki, burada əsasən innovasiyalara və ya internet şəbəkəsi üzərində qurulan xidmətlərə üstünlük verilir. İOS və Android üçün oyunların, bir sıra mobil əlavələrin yaradılmasını nümunə göstərə bilərik. Həmçinin onlayn ticarəti təmin edən saytların qurulmasına  da maraq güclənir. Ancaq bu sahədə də mövcud vəziyyəti qənaətbəxş saymaq olmaz”.
Azərbaycanda, yoxsa xaricdə iş qurmaq sahibkara daha sərfəlidir?

Vüsalə Əhmədova birmənalı olaraq hesab edir ki, xaricdə biznes fəaliyyəti daha faydalıdır: "Sahibkarlıq sahəsində Almaniya və Türkiyə təcrübəsindən faydalanmaqda yarar var. Almaniya son illər sahibkarların ən çox seçdiyi ölkələrdən biridir desək yanılmarıq. Almanların 70%-dən çoxu məhz orta və kiçik şirkətlərdə çalışırlar. Orta və kiçik sahibkarlığın ÜDM-da payı 48% təşkil edir ki, bu göstərici Avropa ölkələri arasında ən üstün göstərici sayılır. Dövlət hər il bu sahəyə milyardlarla avro kredit ayırır və kredit faizi 6-8 faizi keçmir, dövlət isə risklərin 50 faizini öz öhdəsinə götürür. Kiçik və orta sahibkarlıq Türkiyə hökümətinin də daim diqqətindədir, mütəmadi olaraq bu sahəyə milyardlar ayırılır. Ötən il 2049 kiçik və orta sahibkara təkrar 524 milyon TL maliyyə dəstəyi veriləcəyi açıqlanmışdı. Bundan əlavə, geri ödənilməsi tələb olunmayan qrantlar ayrılır, kiçik sahibkarların biznesi müəyyən vaxt çərçivəsində subsidiyalaşdırılır, bir sıra hallarda avadanlıq, material, təchizat, istehsal xərclərinin müəyyən hissəsi, müəssisədə işləyən kadrlara 1 il və ya daha artıq müddətə çəkiləcək xərclər kompensasiya olunur. Yeni iş yerləri açmaq istəyən sahibkarlara gəlir vergisi, gömrük vergisi, ƏDV və rüsumlarla bağlı bir sıra güzəştlər olunur, aşağı faizli kreditlər verilir. Bundan başqa sərmayə dəstəyi və müəssisənin yerləşəcəyi məkanın güzəştli qiymətlərlə satışı və ya icarəsini də təqdirəlayiq saymaq olar”.

Nübar Lətifli